ABŞ-nin İsrailə dəstəyi ərəb ölkələrinin etimadını sarsıdır
ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərlə bağlı məsələlərdə ehtiyatlı davranmalı olduğunu bildirib. Tramp İsrailin HƏMAS-a qarşı addımlarını dəstəkləsə də, Qətəri ABŞ-nin sadiq müttəfiqi kimi xarakterizə edib. Bu açıqlama bölgədə güc balansı və diplomatik münasibətlərə dair yeni müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Trampın bəyanatı ABŞ-nin bölgədə həm İsrailin, həm də ərəb ölkələrinin maraqlarını nəzərə almağa çalışdığı görüntüsü yaratsa da, əslində İsrailin Qətərdəki HƏMAS liderlərinə qarşı keçirdiyi əməliyyatlar ABŞ-nin razılığı ilə həyata keçirilib:
"Bu da ərəb ölkələrinin təhlükəsizlik baxımından bir daha təhdid altında olduğunu göstərib. İsrailin Qətərə qarşı sərt addımları bölgədə həm siyasi, həm də humanitar nəticələr doğura bilər. Qəzzada baş verən müharibə artıq regionu ən böyük siyasi böhranlardan biri ilə üz-üzə qoyub. Ərəb ölkələri də gördü ki, ABŞ onların etimadına layiq tərəfdaş deyil və istənilən vaxt Vaşinqton onları İsrailin əlinə buraxa bilər. ABŞ münasibətlərin əvvəlki müstəvidə qalmasına çalışacaq və Qətərə qarşı bundan sonra sərt addımların atılacağını düşünmür".
Müsahib əlavə edib ki, ABŞ uzun illərdir həm İsraillə, həm də Qətərlə strateji tərəfdaşlığı paralel şəkildə davam etdirir:
"Ancaq İsrailin son əməliyyatlarından sonra ərəb ölkələrinin ABŞ-ə inamı azalıb. Bu isə bölgədə yeni siyasi böhranın başlanğıcı kimi qiymətləndirilir. Ərəb ölkələrinin birliyi məsələsi bundan sonra daha çox aktuallaşacaq, çünki ABŞ konkret olaraq İsrail vasitəsilə regiondakı prosesləri idarə etməyə çalışır".
Sura Əliyeva