ABŞ-nin narkotik gəmilərinə zərbələri qanunidirmi?
ABŞ ordusu Karib hövzəsində və Latın Amerikanın Sakit okean sahillərində “narkotik daşıyan gəmilər”ə qarşı ən azı 19 hava zərbəsi həyata keçirib. Nəticədə 76 nəfər həlak olub. Prezident Donald Tramp administrasiyası bu qrupları “minlərlə amerikalının ölümünə səbəb olan narkotik terrorçuları” adlandırır və zərbələrin tam hüquqi əsasla endirildiyini bildirir.
Lakin insan haqları təşkilatları, o cümlədən “Amnesty International”, bu əməliyyatları qanunsuz və mülki şəxslərə qarşı həyata keçirilən qətllər kimi qiymətləndirir. Ölənlərin ailələri də yaxınlarının narkotik ticarəti ilə əlaqəsi olmadığını deyir.
Administrasiya isə Trampın silahlı qüvvələrin baş komandanı kimi Konstitusiya səlahiyyətlərindən istifadə etdiyini, əməliyyatların ABŞ-nin milli maraqlarını qorumağa yönəldiyini bildirir. Ağ Ev Konqresə göndərdiyi sənəddə bu əməliyyatların “beynəlxalq xarakter daşımayan silahlı münaqişə” çərçivəsində həyata keçirildiyini vurğulayıb və hədəf alınan şəxsləri “qanunsuz döyüşçülər” adlandırıb.
Bununla belə, müttəfiq ölkələr və hüquq müdafiəçiləri ABŞ-nin Karibdəki hərbi əməliyyatlarının qanuniliyini şübhə altına alır.
Reuters
Sura Əliyeva