00:00:00
Yazar
Admin User
11.11.2025 17:50 131 2 dəq oxuma
Siyasət

ABŞ-nin Suriyaya qarşı yeni siyasəti

ABŞ-nin Suriyaya qarşı yeni siyasəti

 

ABŞ hökuməti Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların bir hissəsini yumşaldıb. Bu addım Vaşinqtonun bölgədəki siyasətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məqsəd humanitar vəziyyəti yaxşılaşdırmaq və Suriyanın terrorçuluqla bağlı statusunu yenidən qiymətləndirməkdir.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin Suriya siyasətində ciddi dəyişikliklərin olduğu ortadadır:

 

"Belə ki, hətta bir il öncə ABŞ-nin “terror siyahısı”nda olan Əl-Şəranın bu gün ABŞ-də rəsmi səviyyədə qəbul edilməsi və onunla danışıqlar aparılması, o cümlədən Suriyaya uzun illərdir tətbiq olunan sanksiyaların yumşaldılması və əksər hissəsinin aradan qaldırılması müsbət bir haldır. Bu, bir tərəfdən ABŞ-nin Suriya siyasətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir, digər tərəfdən isə həmin siyasətin dəyişməsi Yaxın və Orta Şərqdəki proseslərə müsbət təsir edə bilər. Xüsusilə də Suriyanın yenidən qurulması, Avropada və digər dünya ölkələrində miqrasiya şəraitində yaşayan milyonlarla suriyalının geri qayıtması, ölkənin bərpası və bölgədə sabitliyin əldə olunması ABŞ-nin də maraqlarına uyğundur".

 

Politoloq qeyd edib ki, hazırkı şəraitdə, eyni zamanda, ABŞ və Suriya arasında münasibətlərin normallaşması, paralel şəkildə Suriya və İsrail arasındakı münasibətlərin də normallaşmasına müsbət təsir edə bilər:

 

"Yəni sanksiyaların götürülməsi Suriyada həm iqtisadi vəziyyətin normallaşmasına, həm də ölkənin yenidən bərpasına və təhlükəsizlik problemlərinin həllinə töhfə verə bilər. Bu, eyni zamanda, ABŞ-nin həm regionda, həm də konkret olaraq Suriyada mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Şübhəsiz ki, sanksiyaların ləğvi bölgədəki humanitar böhranın azaldılmasına da müsbət təsir edəcək amillərdən biridir. Bu baxımdan, Əl-Şəranın ABŞ-yə səfəri və orada aparılan danışıqlar, ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların əsasən aradan qaldırılması və yumşaldılması, hər iki tərəfin və bütövlükdə regionun maraqlarına uyğun bir addımdır".


Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər