ABŞ-nin təyyarədaşıyan gəmisi Venesuela ilə gərginliyi artırıb
ABŞ-nin “Cerald Ford” təyyarədaşıyan zərbə qrupu Latın Amerikası bölgəsinə köçüb. Bu addım Venesuela ilə gərginliyi artırıb. Prezident Donald Tramp Karib dənizində yerləşən döyüş gəmilərinə və F-35 təyyarələrinə əlavə olaraq Ford-un yerləşdirilməsini əmr edib.
Pentaqon bunun narkotik ticarətinin qarşısını almağa və transmilli cinayət təşkilatlarına qarşı mübarizəyə xidmət etdiyini bildirib. Venesuela prezidenti Nikolas Maduro isə ABŞ-nin bu addımını onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirib.
Vaşinqton Maduronun həbsinə səbəb olacaq məlumat üçün mükafatı 50 milyon dollara yüksəldib və onu narkotik ticarətində ittiham edib. ABŞ ordusu Karib dənizində və Sakit okean sahillərində narkotik gəmilərinə qarşı ən azı 19 zərbə endirib, 76 nəfər həlak olub. Maduro xəbərdarlıq edib ki, ABŞ ölkəyə müdaxilə edərsə, milyonlarla insan silahlanaraq müqavimət göstərəcək. Məlumata görə, Venesuela Rusiya istehsalı silahlarla hərbi hazırlığını gücləndirir və mümkün hücum zamanı partizan mübarizəsinə hazırlaşır.
ABŞ ordusu Karib dənizindəki keçmiş donanma bazasını yeniləyir və bölgədə əməliyyatlara hazırlaşır. “Ford”un yerləşdirilməsi isə bu hazırlığın açıq göstəricisidir. ABŞ-nin arsenalında cəmi 11 təyyarədaşıyıcı olduğundan, bu qərar gözlənilməz sayılır. “Ford” 75-dən çox hərbi təyyarəni, o cümlədən F-18 və E-2 Hawkeye təyyarələrini daşıyır. Onu “Normandy” kreyseri və “Thomas Hudner”, “Ramage”, “Carney”, “Ruzvelt” esminesləri müşayiət edir.
Reuters
Qəmər Kazımzadə