“ABŞ-nin Ukrayna sülh planı sızıb”
Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-nin hazırladığı 28 maddəlik layihənin əsas detalları üzə çıxıb. Sənəddə Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin demilitarizasiya olunaraq faktiki şəkildə Rusiyanın idarəsinə keçməsi və Ukrayna ordusunun 600 min nəfərə endirilməsi təklif edilir.
Layihə Ukraynanın suverenliyinin təsdiqi, hücumsuzluq razılaşması, 100 gün ərzində seçkilər və pozuntu halında sürətli hərbi cavab mexanizmi nəzərdə tutur. Lakin təhlükəsizlik təminatının kimin verəcəyi göstərilmir.
Sənəddə həmçinin Krım, Luqansk və Donetskin de-fakto Rusiyaya aid hesab edilə bilməsi və NATO-ya üzvlükdən imtinanın Konstitusiyaya salınması qeyd edilir. Əvəzində Ukraynanın Aİ-yə üzvlüyü və Avropa bazarına çıxışı dəstəklənir.
Layihə Rusiyanın beynəlxalq iqtisadi sistemə qayıtması, hətta G8 formatına dəvət olunması kimi bəndlər də əhatə edir. 100 mlrd dollar dondurulmuş rus aktivinin Ukraynanın bərpasına ayrılması, mənfəətin 50%-nin ABŞ-yə verilməsi nəzərdə tutulur.
Ukrayna ərazi güzəştlərini və ordunun məhdudlaşdırılmasını qətiyyətlə rədd edir. Aİ və Rusiya sənədi hələlik rəsmi görmədiyini açıqlayıb.
BBC
Reyhan Quliyeva