ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Zelenski ilə danışıqlar üçün Türkiyəyə səfər edəcək
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sabah Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə məlumatı “Reuters” yayıb. Məlumata görə, Uitkoff Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək regional təhlükəsizlik, Rusiya-Ukrayna münaqişəsinin gedişi və Amerika tərəfinin yeni diplomatik təşəbbüslərini müzakirə edəcək. Görüşün detalları açıqlanmasa da, danışıqların gərgin geopolitik vəziyyət fonunda xüsusi əhəmiyyət daşıdığı bildirilir. Səfərin Vaşinqtonun Ukraynaya dəstək siyasətində növbəti mərhələ olması və ABŞ–Türkiyə əlaqələrinin regional məsələlərdə koordinasiyasını gücləndirməsi gözlənilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,Rusiya-Ukrayna müharibəsində tərəflərdən heç biri hərbi üstünlüyü ələ ala bilmir:
"Savaşdakı balansı isə yalnız ABŞ silahları poza bilər. Birləşmiş ştatlar Ukraynaya tez-tez adından bəhs edilən raket sistemlərini versə Ukrayna müharibənin gedişatını dəyişə bilər. Əlavə olaraq Vaşinqtonun Rusiyaya yeni sanksiyaları Moskvanın maliyyə resurslarını da kifayət qədər azaldır. Belə olan halda Putin Trampla görüş üçün can atır. Bunu Lavrov və Peskovun açıqlamalarından da görmək olar. Türkiyədə baş tutacaq Uitkoff-Zelenski görüşündə bütün bu məsələlər masada olacaq. Putin Trampın sülh şərtlərini qəbul etməsə hansı addımların atılacağı, bu məqamda Ukrayna hansı silahların verləcəyi müzakirə ediləcək".
Aişə Mustafayeva