ABŞ Prezidenti: "Venesuelanı çox faydalı şəkildə bərpa edəcəyik"
ABŞ Venesuelanı idarə edəcək və "uzun illər" onun neftini çıxaracaq. Onun sözlərinə görə, həbsdə olan Nikolas Maduronun tərəfdarlarından ibarət olan Venesuelanın müvəqqəti hökuməti ABŞ-nin zəruri hesab etdiyi hər şeyi verir. Tramp bildirib ki, Maduro rejiminin devrilməsi regiondakı digər liderləri qorxudub və onları ABŞ-yə tabe olmağa məcbur edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Venesuelanın müstəqilliyi formal olaraq davam edəcək:
"ABŞ-nin Venesuela xalqına münasibətinin səmimi olmadığını götürürük. Prezident Tramp yalnız öz istəyini qeyd edir, xalqın istəyini dilə gətirmir. Bu bir növ müasir üsullarla işğaldır. Bəlkə xalq yenidən öz Prezidentini geri tələb edəcək ki, əgər lazımsa özləri cəzalandırsın? Tramp nə edəcək? Təbii ki, bu tendensiya dünya üçün ciddi təhlükədir. Qorxu ilə istənilən ölkədə çevriliş yaradıb xalqın başına problem açmaq, sonra da öz istəyinə uyğun olaraq sərvətini daşıyıb aparmaq heç bir insani, beynəlxalq qanuna sığmır. Artıq ABŞ bu cür davranış sərgilədiyi halda digərləri də ondan nümunə götürəcək. Venesuelanın müstəqilliyi formal olaraq davam edəcək. Suverenliyi sual altına düşəcək. Venesuelaya nəzarəti uzun zamana hesablamaqda məqsəd sərvətlərini tamamilə süpürüb aparmaq üçün münbit şəraitin yaranması ilə bağlıdır. Digər liderləri qorxutmaqla əslində gərginliyi artırır və bu da həmin ölkələrdə vəziyyəti gərginlik həddinə çatdırır. Zənnimcə Venesuelaya müdaxilə məsələsi ABŞ üçün uzunmüddətli müsbət nəticələr gətirməyəcək".
Xədicə Məhərrəmli
