ABŞ Prezidentinin xüsusi nümayəndəsi: Amerika Yaxın Şərqi tərk etməyəcək
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi bildirib ki, Vaşinqton Yaxın Şərqdən çəkilmir, amma regiona nəzarət etmək səylərindən uzaqlaşır və regional müttəfiqlərini öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımağa çağırır.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp Avropada tətbiq etdiyi bu sxemi Yaxın və Orta Şərqdə də həyata keçirmək istəyir:
"Amerika Yaxın və Orta Şərq kimi strateji əhəmiyyətli bir bölgəni könüllü şəkildə tərk etmək istəmir. ABŞ hazırda da regiondan getmək fikrində deyil. Sadəcə olaraq, burada mövcudluq formasını dəyişməyi planlaşdırır. Amerika dünyanın strateji bölgələrində mövcudluq formasını dəyişməyi artıq sınaqdan keçirib. Bu baxımdan, onun Avropa təcrübəsi var. Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Avropadakı mövcudluq şərtləri və NATO-nun maliyyələşmə mexanizmi dəyişdirildi. Əvvəllər Amerika Avropada özünün və müttəfiqlərinin strateji maraqları naminə, əsasən öz maliyyəsi hesabına mövcudluğunu təmin edirdi. Yeni sxemə əsasən isə ABŞ bölgədəki mövcudluğunu saxlamaqla yanaşı, maliyyə xərclərinin böyük hissəsini Avropa müttəfiqlərinin üzərinə qoymağa başladı".
Müsahib bildirib ki, bu proses iki maliyyələşmə mexanizmini əhatə edir. ABŞ həm NATO büdcəsinə ayrılan vəsaitlərin artırılmasına nail oldu, həm də özünün maliyyə yükünü tədricən azaltmağa başladı:
"Tramp Avropada tətbiq etdiyi bu sxemi Yaxın və Orta Şərqdə də həyata keçirmək istəyir. ABŞ-nin Yaxın və Orta Şərqdə çoxlu sayda müttəfiqi var. Amerika indiyədək həmin ölkələrin təbii sərvətlərindən və potensialından istifadə etməklə yanaşı, regionda geniş hərbi mövcudluğunu da təmin edib. Belə ki, ABŞ-nin bölgədə 50-yə yaxın hərbi bazası və on minlərlə əsgəri var. Amerika indiyədək regiondakı hərbi mövcudluğunu öz strateji maraqları və maliyyə vəsaiti hesabına təmin edib. İndi isə Avropada olduğu kimi, Yaxın və Orta Şərqdə də təhlükəsizliyin təmin olunması ilə bağlı maliyyə yükünün böyük hissəsini müttəfiq ölkələrin üzərinə qoymağa çalışır. Lakin Trampın bu siyasəti Avropada gözlənilən nəticəni vermədi. Avropa ölkələrinin üzərinə daha böyük maliyyə yükü qoyulsa da, ABŞ ilə Avropa arasında münasibətlərdə ciddi qırılma yarandı. Qarşılıqlı etimadın nə zaman bərpa olunacağı isə bəlli deyil".
Ekspert vurğulayıb ki, oxşar vəziyyət Yaxın Şərqdə də yarana bilər:
"ABŞ regiondakı mövcudluq formasını dəyişərək təhlükəsizliyin təmin olunması məsuliyyətini daha çox müttəfiqlərinin üzərinə qoyarsa, bu, həmin ölkələrlə münasibətlərdə etimadın ciddi şəkildə zədələnməsinə səbəb ola bilər. Belə olan halda, ABŞ Yaxın və Orta Şərqdəki müttəfiqlərinin bir hissəsini itirə bilər. Hətta region ölkələri öz xüsusiyyətlərinə uyğun regional təhlükəsizlik mexanizmləri yaratmağa cəhd göstərə bilərlər. Bu isə Amerikanın bölgədəki təsirlərinin ciddi problemlərlə üzləşməsinə gətirib çıxara bilər. Bununla belə, ABŞ-ın Yaxın və Orta Şərqi diplomatik və siyasi baxımdan tərk etmək niyyəti yoxdur. Vaşinqton sadəcə olaraq, regiondakı mövcudluq mexanizmlərini dəyişərək onun maliyyə təminatının böyük hissəsini, xüsusilə ərəb və Körfəz ölkələrinin üzərinə qoymağa çalışır".
Səmayə Səftərova