ABŞ, Rusiya ilə Əbu-Dabidə danışıqlar aparacağını təsdiqləyib
Danışıqlar gecə saatlarında tərəflərin qarşılıqlı dron hücumları fonunda baş verib. Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya zərbələri nəticəsində Kiyevdə ən azı 6 nəfər, Rusiya tərəfi isə Rostov bölgəsində Ukraynanın hücumu nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin hazırladığı, lakin əvvəlcə mübahisəli sayılan 28 maddəlik sülh planına edilən dəyişiklikləri müsbət qiymətləndirib. Cenevrədə ABŞ və Ukrayna rəsmiləri plan üzərində yenilənmiş variantı müzakirə ediblər. Avropa ölkələrinin etirazı ilə planın Rusiya xeyrinə olan maddələri dəyişdirilib. Zelenski bildirib ki, təklif olunan yeni addımlar real görünür.
Kreml dəyişiklikləri “qeyri-konstruktiv” adlandırıb, lakin ABŞ rəsmiləri planı müzakirə etmək üçün Əbu-Dabidə Rusiya nümayəndələri ilə görüşəcəyini təsdiqləyiblər. Eyni zamanda Avropa ölkələrinin “könüllülər koalisiyası” da vəziyyəti müzakirə edir.
Zelenski Rusiyanın işğal etdiyi ərazilərin hüquqi tanınması tələbini “əsas problem” adlandırıb. Böyük Britaniya, Fransa və Almaniyanın təklif etdiyi alternativ plan işğal olunmuş ərazilərin tanınmasını rədd edir, Ukraynanın ordusunun gücləndirilməsini və NATO-ya üzvlük imkanını açıq saxlayır.
Müharibə 2022-ci ilin fevralından bəri on minlərlə hərbçi və minlərlə mülki şəxsin ölümünə, milyonlarla insanın isə evini tərk etməsinə səbəb olub .
BBC
Reyhan Quliyeva