ABŞ Rusiyanın hərbi potensialı ilə bağlı açıqlama verib
Rusiya bir-iki ay ərzində Odessa və digər əraziləri ala bilərdi. Bu barədə ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovniki Larri Uilkerson jurnalist Denni Hayfonqa müsahibəsində danışıb.
“Mən xəritəyə baxdım və gördüm ki, Rusiya hansı əraziləri nəzarətə götürüb və yaxın 30-60 gün ərzində hansı əraziləri ilhaq edə bilər. Odessa yıxılacaq, Ukraynanın Qara dənizdə limanları olmayacaq, qoy taxıl ticarətini unutsunlar”.
Uilkerson vurğulayıb ki, Ukrayna və Qərb siyasətçilərinin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanı məğlub edə biləcəyi barədə bəyanatları absurddur. Bu münaqişə davam edərsə, Kiyev çoxlu ərazilərini itirəcək. Dənizə çıxışın olmaması isə Ukrayna iqtisadiyyatını məhv edəcək.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının aparılması üçün iki şərt göstərib. Onun sözlərinə görə, Rusiya Federasiyasının maraqlarına uyğun gələn və mümkün qədər etibarlı olan razılaşmalara nail olmaq lazımdır.
Öz növbəsində Kreml bildirib ki, hazırda Moskva və Kiyev arasında danışıqlar üçün heç bir ilkin şərt yoxdur. Beləliklə, Ukraynanın hər yeni silah tədarükü regionda gərginliyi yeni səviyyəyə gətirir.
Banuçiçək Kalbalıyeva
