ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır
ABŞ administrasiyası Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Bunu Ağ Evin yüksək rəsmisi Uolts bəyan edərək bildirib ki, Vaşinqton Moskvanın davam edən hərbi fəaliyyətlərinə və beynəlxalq hüququ pozan addımlarına qarşı təzyiqi artırmaq niyyətindədir.
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikanın Rusiyaya tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar əvvəlkilərdən daha kəskin olacaq:
“Xüsusilə də son ay yarım ərzində ABŞ-nin sanksiya siyasətinin sərtləşdiyini müşahidə edirik. Əgər Bayden dövründə Rusiyanın yalnız iki zəif neft şirkətinə sanksiya tətbiq olunubsa, Donald Tramp son bir ay–ay yarım ərzində Rusiyanın iki iri neft şirkəti “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, əvvəlki sanksiyalardan fərqli olaraq, bu dəfə yalnız şirkətlərin özünə deyil, həm də Rusiyadan neft idxal edən ölkələrə qarşı sanksiyaların tətbiqinə başlanılıb. Bu isə onu göstərir ki, Amerikanın yeni sanksiyaları daha sərt xarakter daşıyır və bu sanksiyaların əsas məqsədi Rusiyanı danışıqlar masasına sadəcə oturmağa yox, həm də məğlub tərəf kimi qəbul edərək oturmağa məcbur etməkdir. Bu sanksiyaların Ukrayna müharibəsi ilə bağlı ABŞ-nin irəli sürdüyü 28 maddəlik sülh sazişi ilə eyni vaxtda gündəmə gətirilməsi isə təsadüfi deyil. Əgər ABŞ tərəfi həm 28 maddəlik sülh layihəsini hazırlayır, həm də eyni dövrdə Rusiyaya yeni sanksiyaların tətbiqini anons edirsə, bu, düşünülmüş taktikanın göstəricisidir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, bu o deməkdir ki, Amerika 28 maddəlik sülh razılaşmasının uğur qazanacağına tam əmin deyil və anlayır ki, Avropa Birliyi və ya Ukrayna həmin sənədi qəbul etməyə bilər:
“İlkin əlamətlər də göstərir ki, nə Ukrayna, nə də Avropa Birliyi bu layihəni qəbul etməyə meyllidirlər. Belə şəraitdə ABŞ həm sülh layihəsini irəli sürməklə, həm də paralel şəkildə yeni sanksiyaları gündəmə gətirməklə hadisələri qabaqlamaq istəyir. Yəni sülh sənədinin qəbul edilməməsi halında Rusiyaya qarşı təzyiqi dərhal artırmaq niyyəti güdür. ABŞ-nin məqsədi həm sonuncu sülh təşəbbüsünün qəbul edilməməsi ehtimalını nəzərə alaraq yeni situasiyaya hazır olmaq, həm də Ukrayna və Avropa Birliyi sənədi qəbul etmədiyi halda Rusiyaya qarşı daha qətiyyətli və operativ addımlar atmaq üçün imkan yaratmaqdır. Eyni zamanda, bu yanaşma ABŞ-yə Avropa tərəfdaşlarının nəzərində Rusiyaya qarşı daha güclü təsir rıçaqları tətbiq edən bir aktor kimi çıxış etmək imkanı verir. Beləliklə, Amerikanın bir tərəfdən sülh təşəbbüsü irəli sürməsi, digər tərəfdən isə Rusiyaya qarşı yeni sanksiyalar anons etməsi düşünülmüş və çoxvektorlu bir taktikadır. Məqsəd Rusiyanı həm müharibə meydanında, həm də diplomatik sahədə zəiflətməkdir”.
Güllər Gülhüseynova
