ABŞ sülh planının bir çox müddəaları Rusiya üçün məqbuldur
Yuri Uşakov bildirib ki, ABŞ-nin təklif etdiyi sülh planının bir çox müddəaları Moskva üçün məqbuldur. Onun sözlərinə görə, tərəflər arasındakı fikir ayrılıqları qalsa da, müəyyən məqamlar dialoq üçün yeni imkanlar açır.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Kreml inanmır ki, bu təkliflər Ukrayna tərəfindən qəbul olunsun. Ona görə də “bəzi məqamlar” söhbətini vurğulayır:
"Peskov deyir ki, təkliflərin içində elə məqamlar var ki, onlar Rusiya tərəfindən qəbul edilə bilər. Digər tərəfdən, bildiyiniz kimi, beynəlxalq ekspertlər də belə bir açıqlama veriblər ki, bu təkliflər böyük ehtimalla Kremlin içində hazırlanıb. Rusiya prezidentinin xüsusi elçisi Kirill Dimitrov tərəfindən Trampın xüsusi elçisi Stiv Utikovaya təqdim olunan təkliflər paketidir. Nəzərə alsaq ki, ABŞ ekspertləri bildiriblər ki, artıq 10 aydır ABŞ bu təkliflər üzərində işləyir, bu da təxminən Trampın hakimiyyətə gəldiyi dövrdən hesablanır, onda Peskovun açıqlamasının ehtimal xarakteri daşıdığı aydın olur. Yəni Rusiya tərəfi hələ də Ukraynanın bu təkliflərə razılıq verəcəyinə tam inanmır. Ona görə də bəzi məqamlar barədə ehtiyatla danışırlar.Digər tərəfdən, hazırda masada üç təklif paketi var: ABŞ tərəfindən Ukraynaya təqdim olunan və Peskovun bəyanatında qeyd olunan təkliflər paketi,Avropa üçlüyü- Böyük Britaniya, Almaniya və Fransa tərəfindən təqdim olunan paket, Avropa İttifaqı tərəfindən təqdim olunan paket".
Ekspert həmçinin bunu da qeyd edib ki,əsas məsələ Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasıdır:
"Bir də xüsusilə Rusiyanın xaricdə, o cümlədən Brüsseldə olan 140 milyard avroluq vəsaitinin taleyidir. Ukrayna tərəfi istəyir ki, Brüssel banklarında dondurulmuş həmin 140 milyard avro Avropa tərəfindən Ukraynaya verilsin.Bu üç məsələ Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır. ABŞ-nin Maliyyə Nazirliyi tərəfindən Rusiyanın iki böyük neft şirkəti, “Rosneft” və “Lukoil” kifayət qədər ciddi sanksiyalarla üzləşib və həmin sanksiyalar nəticəsində Rusiyanın qaz və neft ixracından əldə etdiyi gəlir təxminən 25–30% azalıb. Digər tərəfdən, Ukraynada korrupsiya qalmaqalı baş qaldırıb. Bu da ABŞ-nin Zelenski hakimiyyətinə təzyiq imkanlarını daha da genişləndirir.Buna görə də demək olar ki, ola bilsin, tərəflər müəyyən təhlükəsizlik təminatları üzərində razılığa gəlsinlər".
Güllər Gülhüseynova
