“ABŞ təhlükəsizlik yönümlü, praktik yanaşma sərgiləyir”
ABŞ Prezidenti Donald Trampın narkotik qaçaqmalçılığı adı altında Cənubi Amerika sahillərində gəmilərə edilən hücumlar beynəlxalq dəniz qanunvericiliyinin pozulmasıdır.
Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Fransa Xarici İşlər Nazirliyinin, ABŞ-nin Cənubi Amerika sahillərində həyata keçirdiyi əməliyyatları beynəlxalq dəniz qanunvericiliyinin pozulması kimi qiymətləndirməsi iki ölkə arasında diplomatik səviyyədə müəyyən fikir ayrılığı yarada bilər:
“Lakin bunu ABŞ-Fransa münasibətlərində strateji səviyyədə ciddi gərginliyə səbəb olacaq bir addım kimi dəyərləndirmirəm. Çünki tərəflər həm NATO çərçivəsində, həm də qlobal təhlükəsizlik məsələlərində bir çox ortaq maraqlara malikdirlər. Daha çox söhbət beynəlxalq hüququn interpretasiyası və səlahiyyət bölgüsü ilə bağlı diplomatik fikir fərqliliyindən gedir. ABŞ tərəfi adətən bu cür əməliyyatları narkotik qaçaqmalçılığına qarşı beynəlxalq mübarizənin bir hissəsi kimi əsaslandırır və regional təhlükəsizliyi önə çəkir. NATO daxilində bu vəziyyət birbaşa gərginlik yaratmasa da, alyans üzvləri arasında müzakirələrə səbəb ola bilər deyə düşünürəm. ABŞ təhlükəsizlik yönümlü, praktik yanaşma sərgiləyir. Bu proseslər NATO daxilində strateji müzakirələrdə balans və koordinasiya ilə bağlı məsələləri bir daha gündəmə gətirə bilər. Hesab edirəm ki, məsələ qlobal səviyyədə dərin qarşıdurmaya səbəb olmayacaq, amma Qərb yarımkürəsi daxilində müəyyən diplomatik müzakirələrə yol aça bilər”.
Aytac İbrahimova
