ABŞ–Ukrayna görüşü: təzyiqlər, sanksiyalar və müharibənin gələcəyi
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloq ilə görüşüb. Görüşdə Rusiya üzərinə tətbiq olunan təzyiqlər, tarif və sanksiya siyasəti, həmçinin üçtərəfli formatda liderlərin görüş imkanları müzakirə olunub. Zelenski bildirib ki, əsas məqsəd müharibəyə son qoymaq üçün ən qısa zamanda effektiv addımlar atmaqdır.
Bu mövzu ilə bağlı politoloq Rəşad Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, Zelenskinin dəfələrlə bəyan etməsinə baxmayaraq, bu müharibənin dayandırılması üçün Rusiyaya konkret təzyiqlərin edilməsi vacibdir:
"Lakin hələ ki, ABŞ administrasiyasından bu istiqamətdə ciddi addımlar müşahidə olunmur. Ona görə də Zelenski ilə ABŞ nümayəndəsi arasında keçirilən görüşün nə Ukrayna böhranının həlli, nə də iki ölkə münasibətlərinə yeni nəfəs gətirəcəyini söyləmək çətindir. Bununla belə, bu formatda keçirilən müzakirələr bir sıra məsələlərə aydınlıq gətirmək baxımından əhəmiyyətli hesab olunur. Üçtərəfli formatda keçiriləcək görüşlərdə ya konkret nəticələr əldə olunacaq, ya da ən azından Rusiya tərəfinin mövqeyi açıq şəkildə ortaya qoyulmuş olacaq. Bu isə hər kəsə aydın göstərəcək ki, Moskva işğal etdiyi ərazilərdən geri çəkilməkdə, güzəştlərə getməkdə maraqlı deyil. Rusiya tərəfinin indiyədək apardığı siyasət və ortaya qoyduğu mövqe də bunu təsdiqləyir. Təəssüf ki, ABŞ hakimiyyəti bunu konkret bəyanat kimi qəbul etmir və adekvat münasibət göstərmir. Rusiyanın dayandırılması üçün iki mühüm amil vacib sayılır. Birincisi, Ukraynanın müharibədə davam gətirə bilməsi və effektiv mübarizə aparması üçün lazım olan silah və texnikanın təmin edilməsidir. Hazırda Ukraynanın əlində olan imkanlar uzaqmənzilli hədəfləri vurmağa kifayət etmir və nəticədə müharibəni öz ərazisində davam etdirməkdən başqa çıxış yolu qalmır. İkinci amil isə Rusiyanın maliyyə imkanlarının tükəndirilməsidir. Bu isə yalnız ciddi sanksiya siyasəti ilə həyata keçirilə bilər".
Ekspert əlavə edib ki, artıq bir neçə ay keçsə də, ABŞ rəhbərliyi tərəfindən hələ də müvafiq tarif və sanksiyalar tətbiq olunmur:
"Məsələ hər dəfə təxirə salınır, müxtəlif bəhanələrlə uzadılır. Son olaraq, Trampın Avropa İttifaqına Çin və Hindistana qarşı 100%-lik tariflər tətbiq etməsi ilə bağlı çağırışı da bu vəziyyəti dəyişmir, çünki Avropa İttifaqı ilə həmin ölkələr arasındakı ticarət dövriyyəsini nəzərə alanda belə bir addımın iqtisadi baxımdan Avropanın özünə də ciddi ziyan vuracağı aydındır. Beləliklə, ABŞ rəhbərliyi faktiki olaraq Rusiyaya qarşı təzyiq göstərməməyin məsuliyyətini Avropa İttifaqının üzərinə atmağa çalışır. Bu isə o deməkdir ki, danışıqlar siyasəti iflasa uğrayıb, vasitəçilik təşəbbüsləri də nəticəsiz qalıb. ABŞ administrasiyası indi müharibənin bütün yükünü Avropa İttifaqının üzərinə qoymaqla prosesdən kənara çəkilmək və məsuliyyəti digər ölkələrə yönləndirmək niyyətindədir. Ona görə də yaxın vaxtlarda müharibənin bitməsi ilə bağlı real addımların atılacağı gözlənilmir".
Sura Əliyeva