ABŞ Ukrayna ilə bağlı yeni plan hazırlayır
Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün yeni bir plan hazırlayır və Moskva ilə məsləhətləşmələr aparır. 28 maddəlik plan dörd əsas komponentdən ibarətdir. Onlar Ukraynada sülhün bərqərar olması, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətlərinə yönəlib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında danışıqların yenidən bərpa olunması Ukrayna məsələsində müəyyən ümidləri artırır:
"Ancaq nəzərə almaq lazımdır ki, hazırda bu münaqişənin tam şəkildə həll olunması aktual deyil, məsələ ilə bağlı çox ciddi problemlər var. Rəsmi Kiyev ərazi bütövlüyü məsələsində israr edir. Yəni Ukrayna üçün hər hansı torpaq güzəştindən söhbət belə gedə bilməz.Son zamanlar ABŞ-nin Ukraynaya qarşı yumşaq şəkildə təzyiq göstərdiyi də müşahidə olunur. Məsələn, Zelenskinin komandasında korrupsiya faktları ilə bağlı məsələlərin ifşa edilməsini xüsusilə qərb mediası işıqlandırır. Bu fakt onu deməyə əsas verir ki, ABŞ müəyyən məsələlərin qəbul olunması üçün Ukraynaya təzyiq edir. Eyni zamanda Rusiya ağır sanksiyalarla üz-üzə qoyulub. Bütün bunlar ABŞ-nin hər iki tərəfi danışıqlar masasına gətirməyə və müharibəni dayandırmağa çalışdığını göstərir. ABŞ üçün müharibənin dayandırılması ona görə də vacibdir ki, Ukraynanın mineral ehtiyatlarının istismarı ilə bağlı ABŞ və Ukrayna arasında müqavilə var. Həmin müqavilənin icrası isə müharibə bitmədən mümkün deyil.Donald Tramp isə ABŞ və Rusiya arasında vasitəçi kimi çıxış edib müharibəni dayandırmaqla öz Nobel sülh mükafatı məsələsini də gündəmə gətirmək istəyir. 28 maddəlik planda əsas məsələ məhz müharibənin dayandırılması olacaq. Rusiya və Ukraynanı isə uzun danışıqlar prosesi gözləyir".
Günel Əlili
