ABŞ–Ukrayna münasibətlərində yeni mərhələ
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında qarşıdakı görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a bildirib ki, “Tomahawk” raketlərinin Ukraynaya verilməsi ideyası sırf hərbi-taktiki deyil, həm də geosiyasi mesaj xarakteri daşıyır:
“Bu raketlərin Ukraynaya tədarükündə əsas məqsəd Rusiyanın strateji obyektlərinə — xüsusilə enerji infrastrukturlarına — zərbə endirmək imkanlarını genişləndirməkdir. Rusiyanın neft və qaz emalı infrastrukturu əsasən ölkənin şərq hissəsində yerləşdiyindən, bu tip uzaqmənzilli silahlar Ukraynaya yeni əməliyyat imkanları yaradır. ‘Tomahawk’ raketləri yüksək dəqiqlik və dağıdıcı gücə malik olmaqla, min kilometrlərlə məsafədən hədəfi vurmaq potensialına malikdir. Bu silahların dövriyyəyə daxil edilməsi Rusiya hərbi rəhbərliyində ciddi narahatlıq doğurur və Moskvanın ABŞ-yə qarşı sərt ritorikasını gücləndirir. Rusiya tərəfi artıq rəsmi şəkildə Vaşinqtonu bu qərarın münaqişəni daha da alovlandıracağı barədə xəbərdar edib. ABŞ administrasiyasının bu addımı Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsi və eyni zamanda Avropa təhlükəsizliyi konsepsiyasında ABŞ-nin rolunun möhkəmləndirilməsi məqsədi daşıyır. Yalnız iki ölkə arasında deyil, həm də NATO–Rusiya münasibətlərində yeni dinamikanın formalaşmasına təsir göstərə bilər. Əgər “Tomahawk” raketlərinin tədarükü rəsmiləşərsə, bu, Ukraynanın müdafiə potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Rusiya Federasiyasının strateji dərinliklərinə birbaşa təhdid kimi qiymətləndiriləcək. Beləliklə, Tramp–Zelenski görüşü həm hərbi, həm də diplomatik baxımdan ABŞ–Ukrayna tərəfdaşlığında dönüş nöqtəsi ola bilər. Bu görüşün nəticələri yaxın perspektivdə Avroatlantik təhlükəsizlik arxitekturasına təsir göstərəcək əsas amillərdən biri kimi qiymətləndirilir”.
Fatimə Hüseynli
