"ABŞ və İran arasında diplomatik boşluq dərinləşir"
İranın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, hazırda İran və ABŞ arasında birbaşa diplomatik kanal mövcud deyil. Bu barədə qurumun nümayəndəsi İsmail Bəqayi mətbuat konfransında bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, birbaşa dialoqun olmaması Yaxın Şərq kontekstində İran üçün ciddi problemlər yaradır:
“Siyasi münasibətlərin olmaması hər iki ölkənin maraqlarına uyğun deyil. Xüsusilə, Yaxın Şərqdə baş verən gərgin proseslər fonunda bu vəziyyət İran üçün əlavə çətinliklər formalaşdırır. ABŞ hələ də qlobal güc mərkəzlərindən biri olaraq bölgədə yaranan yeni münasibətlər sisteminə birbaşa təsir göstərir. Lakin diplomatik kanal olmadığı üçün İran bu proseslərdə öz mövqeyini tam şəkildə ifadə etmək imkanından məhrum olur”.
Ekspert bildirib ki, İsrail-İran münasibətlərindəki gərginlik fonunda vəziyyət daha da kəskinləşib:
“12 günlük münaqişədən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi İranın bölgədəki təsir gücünün zəifləməsinə səbəb olub. Bir sıra dövlətlərdə Tehranın təsir imkanları əvvəlki qədər güclü deyil”,-deyə o qeyd edib.
Siyasi şərhçi danışıqların İsveçrə vasitəsilə həyata keçirilməsinin də dövlətlərarası kommunikasiyaya mənfi təsir göstərdiyini vurğulayıb:
“Böyük dövlətlər arasında dialoqun birbaşa deyil, vasitəçi ölkə üzərindən aparılması münasibətlərə ciddi zərər vurur. Yaranmış diplomatik vakuum müəyyən mənada İranın mövqelərini zəiflədir və bu proses daha çox İsrailin maraqlarına uyğun gəlir. Ümumilikdə, münasibətlərin bu şəkildə davam etməsi yeni dünya düzənində baş verən proseslərə də təsirsiz ötüşməyəcək”,-deyə ekspert bildirib.
O əlavə edib ki, İran uzun müddət Yaxın Şərqdə əsas regional oyunçulardan biri olsa da, hazırda təsir gücü əvvəlki səviyyədə deyil:
“ABŞ-la razılaşdırılmadan irəli sürülən mövqelər İranın əleyhinə geniş təbliğat kampaniyalarına səbəb olur. Xüsusilə, İsrail bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda fəal iştirak edir”.
Siyasi ekspertin fikrincə, mövcud vəziyyət hər iki ölkənin maraqlarına uyğun gəlmir, lakin itirən tərəf daha çox İrandır:
“Bölgədə yeni güc balansı formalaşır. İsrailin və Türkiyənin mövqelərinin güclənməsi, eyni zamanda regional proseslərin dinamikliyi müsəlman dünyasında İranın aparıcı rolunun əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxarır”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Zəri Bayramlı
