00:00:00
Yazar
Səmayə Səftərova
15.06.2026 21:21 25 2 dəq oxuma
Siyasət

ABŞ və İran arasında virtual sülh razılaşması keçirilir

ABŞ və İran arasında virtual sülh razılaşması keçirilir

ABŞ və İran nümayəndə heyətləri arasında sülh razılaşmasının imzalanması məqsədilə virtual görüşün keçirilməsi planlaşdırılır.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısının alındığını əsas gətirərək bunu diplomatik uğur kimi təqdim edir:

 

"​​​ABŞ ilə İran arasında qarşılıqlı anlaşmanın mətni artıq rəsmi şəkildə açıqlanıb. 14 maddədən ibarət olan sənəd mahiyyət etibarilə regionda yeni geosiyasi reallıqlar formalaşdırmağa namizəddir. Razılaşmada İranın irəli sürdüyü əsas şərtlərin əks olunduğu görünür. Belə ki, ABŞ müqavilə qüvvəyə mindikdən sonra İranın daxili işlərinə və suverenliyinə müdaxilə etməyəcəyini öhdəsinə götürür. Eyni zamanda, Vaşinqtonun İrana yaxın ərazilərdə yerləşdirdiyi hərbi qüvvələri çıxarması və gələcəkdə regiondakı hərbi kontingentini genişləndirməməsi nəzərdə tutulur. Bu isə Yaxın Şərqdə yeni təhlükəsizlik və siyasi mühitin formalaşması deməkdir. Razılaşmanın digər mühüm bəndlərindən biri İrana qarşı neft və neft-kimya məhsulları sektoruna tətbiq edilən sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasıdır. Bu prosesdə Avropa ölkələrinin də iştirak etməyə hazır olduqları bildirilir. İran öz növbəsində nüvə silahı əldə etməyəcəyini bəyan edir, lakin dinc məqsədlər üçün nüvə proqramını davam etdirmək niyyətindədir".

 

Müsahib bildirib ki, ABŞ-nin də bu yanaşma ilə razılaşdığı qeyd olunur:

 

"Bu İran iqtisadiyyatına müsbət təsir göstərə və ölkənin beynəlxalq iqtisadi əlaqələrini genişləndirə bilər. Razılaşmaya əsasən, Hörmüz boğazında gəmiçilik və yükdaşımalar sərbəst şəkildə davam edəcək. Qarşıdakı 60 gün ərzində texniki danışıqların aparılması, daha sonra isə yekun sülh müqaviləsinin imzalanması planlaşdırılır. Bu razılaşma regionun təhlükəsizlik mühitini də əhəmiyyətli dərəcədə dəyişə bilər. Çünki Qərblə İran arasında yarım əsrə yaxındır davam edən qarşıdurma son dövrlərdə daha da kəskinləşib. Əgər tərəflər yekun razılığa nail ola və yeni ziddiyyətlər yaranmasa, bu, tarixi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Fars körfəzi ölkələri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Razılaşma ABŞ administrasiyası üçün də siyasi baxımdan əlverişli hesab olunur. Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısının alındığını əsas gətirərək bunu diplomatik uğur kimi təqdim edir. Digər tərəfdən, sanksiyaların yumşaldılması, Hörmüz boğazında məhdudiyyətlərin aradan qaldırılması və iqtisadi imkanların genişlənməsi İranın maraqlarına da cavab verir. Bu səbəbdən razılaşma həm İran, həm ABŞ, həm də region ölkələri üçün yeni imkanlar yaradan mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bütün bunlar göstərir ki, Yaxın Şərqdə keyfiyyətcə yeni və tarixi bir mərhələnin başlanğıcı üçün zəmin formalaşır".

 

Səmayə Səftərova

#ABŞ #İran #sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər