00:00:00
Yazar
Mayıl Soltan
01.03.2026 12:45 67 3 dəq oxuma
Siyasət Özəl

"ABŞ və İsrail məqsədlərinin xeyli hissəsinə çatıb" - Müharibə tezliklə bitəcək

"ABŞ və İsrail məqsədlərinin xeyli hissəsinə çatıb" - Müharibə tezliklə bitəcək

Yaxın Şərqdə vəziyyət daha da gərginləşməyə davam edir. Artıq bu gün İran rəsmi televiziyası Ayətullah Xameneinin öldürülməsini təsdiqləyib. Bu da İranda həm sevinc, həm də qisas almaq məsələsinin ortaya çıxmasına səbəb olub. Müharibənin gedişatı isə hər kəsin beynində bir sual kimi qalır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov belə bir müharibənin olacağının gözlənilən olduğunu, həmçinin ABŞ-nin bununla bağlı Tehrana xəbərdarlığı və müxtəlif mesajlar verdiyini bildirib. 

 

Onun sözlərinə görə, ABŞ-ni bu müharibəyə sövq edən İsrail tərəfi olub:

 

"ABŞ çoxdan müharibəyə başlamalı idi, lakin Donald Tramp üçün prioritet olan İranın Nüvə dosiyasının bağlaması məsələsi əsas yerdə dururdu. Digər bir tərəfdən isə, İran Ərəb dünyası ölkələrindən əlaqələr üçün ABŞ-yə lazım olub. Düşünürəm ki, bu prosesin dəyişməsində İsrailin rolu böyük var. Belə ki, İsrail 12 günlük müharibədə olduğu kimi yenə də qıcıqlandırıcı rol oynayaraq ABŞ və İran arasında mümkün razılaşmanın qarşısını aldı. Bu vəziyyətdə də İsrail müharibəni başladan və ABŞ-ni müharibəyə sövq edən tərəf kimi qiymətləndirilir".

 

Müharibənin qısamüddətdə bitəcəyini qeyd edən müsahibimiz ABŞ və İsrailin məqsədlərinin xeyli hissəsinə çatdığını da deyib:

 

"Düşünmürəm ki, müharibə uzun çəkəcək. Əgər bu müharibənin məqsədi İran rejiminin devrilməsidirsə, artıq Ayətullah Xamenei öldürülüb. Demək olar ki, ABŞ və İsrail məqsədinin xeyli hissəsinə çatıb. Bunun da səbəbi İsrail kəşfiyyatının güclü olmasından irəli gəlir. Bundan sonrakı prosesdə İranda vətəndaş müharibəsinə bənzər bir vəziyyətin yaranması gözləniləndir. Çünki bir qrup insan Xameneinin öldürülməsinə sevindiyi halda, digər bir qrup isə qisas hissi ilə yaşayır və hakimiyyəti ABŞ-dən qisas almağa çağırır",-deyə K.Novruzov əlavə edib.

 

Həmçinin müsahibimiz müharibənin gedişatının uzanmasının bir çox mənfi tərəflərindən də bəhs edib:

 

"Müharibənin gedişatının uzanması neft qiymətlərinə də mənfi təsir göstərir, buna görə də müharibənin 2-3 günə bitəcəyini düşünürəm. Məhz Donald Trampın İrana həftəsonu hücum etməsinin də səbəbi budur, çünki həmin günlər birjalar bağlı olur. Bu da Donald Tramp üçün böyük əhəmiyyət kəsb edir, lakin İran çox ciddi əks-hücüm əməliyyatlarına başlasa, onda proses genişlənə bilər".

 

Kənan Novruzov İranın Azərbaycana hücum etmək ehtimalına da aydınlıq gətirib:

 

"İranın Azərbaycana hücum etmək məsələsinə gəldikdə isə, İranın bunu etməyə heç bir əsası yoxdur. Azərbaycan İranın qonşudur, əksinə İran Azərbaycanla münasibətləri qoruyub-saxlamaqla Azərbaycanın mümkün vasitəçiliyindən istifadə etmiş olar. Əgər belə bir proses baş versə, sözsüz ki, Türkiyə Azərbaycanın yanında olacaq".

 

Pezeşkianın istefa vermək ehtimalını az hesab edən müsahibimiz Ayətullah Xameneinin ölümünün Pezeşkian üçün daha yeni imkanlar açacağını da vurğulayıb:

 

"İran Prezidenti Pezeşkianın istefa vermək məsələsinə gəldikdə düşünmürəm ki, Pezeşkian bunu edə. Əksinə bundan sonrakı prosesdə hakimiyyət daha çox Pezeşkianın əlində cəmləşə bilər. İndiyə qədər dini hakimiyyət Pezeşkiana o qədər də işləməyə imkan vermirdi və onun imkanları çox məhdud idi. Bundan sonra onun imkanları arta bilər, hətta bu, Pezeşkianla ABŞ arasında qapalı danışıqlardan sonra daha yaxşı məlum olacaq. İranın təslim olması məsələsinə gəlincə, əgər İran təslim olmasa, xüsusən, SEPAH - İran İslam İnqilabı Keşikçiləri Korpusu, təbii ki, İran daha ağır zərbələrə məruz qalacaq. Bu da öz növbəsində məsələnin daha da mürəkkəbləşməsinə gətirib-çıxaracaq",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mayıl Soltan 

#i̇srail #xəbər #azərbaycan #çatıb" #hissəsinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər