“ABŞ və İsrailin mümkün əməliyyatları realdır”
Bəzi beynəlxalq KİV-lərin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi zərbə ehtimalı gündəmdədir. Ekspertlər bildirirlər ki, bu ssenari Yaxın Şərqdə təhlükəsizlik balansını ciddi şəkildə dəyişə və yeni geosiyasi risklər yarada bilər.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrailin mümkün əməliyyatları realdır, lakin bu, birdən-bir baş verəcək bir məsələ deyil:
“Hazırda İranda vəziyyət kifayət qədər gərgindir, aksiyalar davam edir və bu aksiyaların nəticələri hələlik qeyri-müəyyəndir. Son zamanlar aksiyaların silahlı qarşıdurmalara çevrilməsi də qeydə alınıb. Bu baxımdan, ABŞ və İsrailin əməliyyata nə vaxt başlaya biləcəyini indi söyləmək çətindir. ABŞ və İsrail hər zaman eyni taktikanı izləmirlər. İranı birbaşa hədəfə almaq ABŞ üçün total müharibəyə yol açmaq demək olardı ki, Vaşinqton buna tərəfdar deyil. İsrail isə daha çevik davranaraq, müəyyən hədəflərə zərbələr endirə bilər və kiçik miqyaslı əməliyyatlarla öz məqsədinə çatmağa çalışar. Eyni zamanda, ABŞ və İsrail arasında razılıq olduqda əməliyyatın miqyası artır, lakin risklər də artmış olur. Zərbələrin xarakteri də mühüm rol oynayır. Əsasən hava zərbələri ilə hədəflərin sıradan çıxarılması, mühüm şəxslərin təsirsiz hala gətirilməsi planlaşdırıla bilər. Bu halda əməliyyatın həm siyasi, həm də hərbi nəticələri ola bilər. Əgər hədəflər uğurla zərərsizləşdirilərsə, ABŞ və İsrail üçün müəyyən strateji üstünlüklər təmin oluna bilər. Lakin bu, İranın cavab reaksiyasını da qaçılmaz edir".
Həmçinin şərhçi qeyd edib ki, İranın cavab addımları müxtəlif yollarla həyata keçirilə bilər:
"12 günlük gərginlik dövründə olduğu kimi, raket zərbələri və digər hərbi əməliyyatlarla cavab verməsi ehtimalı yüksəkdir. Amma əməliyyatların miqyasından və xarakterindən asılı olaraq İranın cavabının effektivliyi dəyişir. Əgər yalnız kilid şəxslər və strateji obyektlər hədəfə alınarsa, cavabın ölçüsü məhdud qalacaq. Böyük güclərin və beynəlxalq təşkilatların reaksiyası isə fərqlidir. Rusiya və Çin İrana müəyyən dəstək versələr də, total müharibədə açıq tərəf olmayacaqlar. ABŞ və İsrailin hərəkətlərinə qarşı Şərqdə vahid koalisiyanın formalaşması ehtimalı çox aşağıdır. BMT isə prosesdə passiv qalacaq. Əvvəllər 12 günlük gərginlik zamanı böyük güclər yalnız sözlü bəyanatla kifayətləniblər. Bu baxımdan, regionda hərbi əməliyyatların təsiri əsasən lokal və strateji aspektlər çərçivəsində qiymətləndiriləcək. Beləliklə, ABŞ və İsrailin İrana qarşı mümkün əməliyyatları regionda gərginliyi artırır, geosiyasi balansı dəyişir və potensial olaraq yeni riskləri gündəmə gətirir. İranın cavab addımları, əməliyyatın miqyası və beynəlxalq reaksiya bu prosesin nəticələrini müəyyən edəcək”.
Ayşə Müzəfərli
