00:00:00
Yazar
Admin User
16.09.2025 18:27 110 2 dəq oxuma
Siyasət

ABŞ–Venesuela münasibətlərində yeni gərginlik mərhələsi

ABŞ–Venesuela münasibətlərində yeni gərginlik mərhələsi

 

ABŞ Prezidenti Donald Trampın beynəlxalq sularda Venesueladan gələn narkotik daşıyan qayığa zərbə endirildiyini açıqlaması regionda həm narkotik qaçaqmalçılığına qarşı mübarizəni, həm də iki ölkə arasında onsuz da gərgin olan münasibətləri yenidən gündəmə gətirib. Hadisə nəticəsində üç nəfər həyatını itirib, ABŞ isə itki verməyib. Bu hadisə həm siyasi, həm də hüquqi baxımdan suallar doğurur və ABŞ–Venesuela münasibətlərinə mümkün təsirləri müzakirə mövzusuna çevrilib.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və Venesuela arasında münasibətlərin gərginləşməsinin iki əsas səbəbi var:

 

"Birincisi, Venesuelanın İranla sıx əlaqələridir. Belə ki, Venesuela uzun müddətdir İranın sanksiyalardan yayınmasına dəstək verir, xam neftin emalı və ticarəti sahəsində müxtəlif razılaşmalar imzalanıb. ABŞ isə bu addımları qəbul etmir və ümumiyyətlə, Venesuela hakimiyyəti ilə münasibətlərində əvvəldən ciddi problemlər yaşayıb. Hələ Uqo Çavesin prezidentliyi dövründə belə, Vaşinqtonla kifayət qədər gərginlik olub. Hətta ABŞ onun hakimiyyətini devirməyə cəhd etsə də, buna nail ola bilməyib.

İkinci səbəb isə narkotik ticarəti ilə bağlıdır. ABŞ-də hakimiyyətə gələn liderlərin verdiyi əsas vədlərdən biri cinayətkarlığın, xüsusilə də narkotiklərin dövriyyəsinin azaldılması olub. Son illərdə ABŞ-nin iri şəhərlərində narkotiklərlə bağlı ciddi əməliyyatların keçirilməsi də bunun göstəricisidir. Bu baxımdan Venesueladan gələn narkotik daşıyan qayığa hücum məsələsi ABŞ-nin daxili siyasətdə verdiyi sözlərin praktik icrası kimi təqdim olunur.

Üçüncü səbəb isə ABŞ-nin qlobal rəqibləri – Çin, Rusiya və İranla Venesuelanın sıx münasibətləridir. Bu, Amerikanın maraqları baxımından qəbuledilməzdir. Ona görə də ABŞ Venesuelada rejim dəyişikliyi üçün müxtəlif variantlardan istifadə edir".

 

Beynəlxalq hüquqla bağlı politoloq qeyd edib ki, hazırda beynəlxalq hüquq işlək vəziyyətdə deyil:

 

“Elə bir mühit yaranıb ki, hüququn gücü yox, gücün hüququ işləyir. ABŞ də məhz bundan istifadə edir. Göründüyü kimi, bu cür əməliyyatlar yalnız narkotik qaçaqmalçılığı ilə mübarizə məsələsi deyil, həm də siyasi münasibətləri daha da gərginləşdirən faktordur. ABŞ və Venesuela arasında gərginliyin artması qaçınılmazdır. Hətta kiçik hərbi qarşıdurmaların olması da mümkündür, çünki artıq Amerikanın hərbi gəmiləri Venesuela sahillərində lövbər salıb, yaxın ərazilərdə mühafizə və patrul xidmətləri həyata keçirirlər. Bu isə Venesuelanın suverenliyi üçün ciddi təhdid hesab olunur".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər