ABŞ Venesuelaya qoşun yeridə bilər
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Venesuela ilə bağlı heç bir variantı, o cümlədən quru hərbi əməliyyatını istisna etmədiyini bildirib.
"Mən heç nəyi istisna etmirəm, sadəcə Venesuela ilə bağlı məsələni həll etməliyik",- deyə o bildirib.
Bundan əvvəl Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə görüşə biləcəyini söyləyib.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Venesuelaya müdaxiləsi təhlükəli presedent yarada bilər:
“Dövlətlərarası münasibətlər beynəlxalq hüququn prinsipləri ilə tənzimlənməlidir. Çox təəssüf ki, artıq güclü dövlətlər zəifləri hərbi güc tətbiq edərək əzirlər. Bu isə dünyanı gərginlik, müharibə və fəlakətə sürükləyir. ABŞ super güc kimi dünyada sülhün və təhlükəsizliyin qarantı olduğunu bəyan edib və bu missiyanı həyata keçirməlidir. Lakin son zamanlar müstəqil ölkələrə qarşı beynəlxalq təşkilatların sanksiyası olmadan etdiyi müdaxilələr ABŞ-nin mövqeyinə inamsızlıq yaratmaqdadır. Trampın Venesuela ilə danışıqlara hazır olması barədə münasibəti onun özünün mövqeyi hesab oluna bilər. Lakin Venesuelaya mümkün hərbi müdaxilə ilə bağlı açıqlaması Birləşmiş Ştatları yönəldən, lakin görünməyən qüvvələrin təsiri nəticəsində alınmış qərardır. Təbii olaraq bu da ABŞ-nin ikili münasibətindən və tərəddüdlərindən xəbər verir. İndiki vaxtda ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi çox pis bir presedent yarada bilər. Bu, güclü ölkələrə imkan verəcək ki, müxtəlif bəhanələrlə zəiflərə hərbi güc tətbiq etsin”.
Lalə Qurbanlı
