ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
Bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində imzalanan "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin icrasına dair Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin bərpası, yenidən qurulması və inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu BTQ layihəsi üzrə reallaşdırılmış modernləşdirmə işlərinin başa çatdırılmasını və yekun qəbulunu təsdiqləyir.
Bu barədə "İnformator.az" "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Bu tədbir həmçinin BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış "BTKI Railways" MMC birgə müəssisəsinin işə başlaması ilə əlamətdar olub.
BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Görülən işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.