00:00:00
Yazar
Ayan Sədi
22.04.2026 13:53 25 3 dəq oxuma
Araşdırma

Aeroportlar üçün yeni nəsil şəbəkə həlli – SITA Campus Network əməliyyatları sadələşdirir

Aeroportlar üçün yeni nəsil şəbəkə həlli – SITA Campus Network əməliyyatları sadələşdirir

SITA Campus Network (HPE Aruba Networking texnologiyası əsasında) aeroportlarda və nəqliyyat mərkəzlərində əməliyyatların fasiləsiz və səmərəli işləməsini təmin edir, eyni zamanda daxili şəbəkə idarəçiliyinin xərc və mürəkkəbliyini aradan qaldırır.

 

Aeroportlar və aviaşirkətlər artıq kritik əməliyyatlarını özləri idarə etmədən qurulan və idarə olunan şəbəkələr üzərindən həyata keçirə bilərlər. SITA kompleks aeroport və nəqliyyat mühitlərinin tələblərinə cavab verən yeni şəbəkə həllini – SITA Campus Network-u (HPE Aruba Networking texnologiyası əsasında) təqdim edib.

 

Müxtəlif məkanlar, cihazlar və təchizatçılar üzrə şəbəkələrin idarə olunması həm mürəkkəb, həm də maliyyətli prosesdir. Şəbəkələrin parçalanmış olması performansın zəifləməsinə və problemlərin daha sürətlə yayılmasına səbəb olur. SITA Campus Network bu yükü aradan qaldıraraq simli və simsiz mühitləri əhatə edən tam idarə olunan vahid şəbəkə təqdim edir.

 

Həll HPE-nin genişmiqyaslı simli və Wi-Fi şəbəkələrinin idarə olunması üçün nəzərdə tutulmuş texnologiyası üzərində qurulub. Bu yanaşma güclü bağlantını mərkəzləşdirilmiş bulud əsaslı idarəetmə ilə birləşdirərək aeroport kampuslarında və iri nəqliyyat mərkəzlərində sabit və etibarlı performans təmin edir.

 

Sistem şəbəkə üzərində nəzarət imkanlarını genişləndirmək, problemləri erkən mərhələdə aşkar etmək və nasazlıqların aradan qaldırılmasını avtomatlaşdırmaq üçün süni intellektdən istifadə edir. Bu isə fasilələrin azalmasına gətirib çıxarır. Eyni zamanda mərkəzləşdirilmiş idarəetmə infrastrukturu və cihazları həm yerində, həm də uzaqdan izləməyə və idarə etməyə imkan yaradır.

 

SITA-nın Kommunikasiya və Məlumat Mübadiləsi üzrə baş vitse-prezidenti Martin Smillie bildirib:

 

“Əməliyyatlar daha çox əlaqələndikcə, aeroport mühitində müxtəlif sistem və cihazların inteqrasiyası mürəkkəbləşir. Bununla yanaşı, performans, dayanıqlılıq və təhlükəsizlik üzrə gözləntilər də artır. SITA Campus Network vasitəsilə biz bu mürəkkəbliyi öz üzərimizə götürürük və müştərilərimizə qurulan, idarə olunan və davamlı optimallaşdırılan şəbəkə təqdim edirik ki, onlar diqqətlərini əsas əməliyyatlara yönəldə bilsinlər".

 

Həll terminallar, anqarlar və aviaşirkət əməliyyat mərkəzləri kimi yüksək sıxlıqlı mühitlər üçün nəzərdə tutulub. Sistem pik yüklənmə zamanı belə performans itirmədən çoxsaylı istifadəçi və cihazı dəstəkləyə bilir.

 

Bu texnologiyanın SITA-nın idarə olunan xidmətlərinə inteqrasiyası sayəsində müştərilər şəbəkəni mərkəzləşdirilmiş şəkildə idarə edə bilir, eyni zamanda müxtəlif texnologiya və təchizatçılardan istifadə elastikliyini qoruyurlar. Bu yanaşma yerində texniki dəstək, ehtiyat avadanlıq və davamlı təlim ehtiyacını azaldır, İnformasiya Texnologiyaları komandalarına isə daha yüksək dəyərli vəzifələrə fokuslanmaq imkanı yaradır.

 

Zərurət yarandıqda kampus şəbəkəsi SITA-nın 600-dən çox aeroportu birləşdirən qlobal geniş sahə şəbəkəsinə asanlıqla qoşula bilir və tam inteqrə olunmuş (“end-to-end”) həll təqdim edir.

 

Sujai Hajela, HPE-nin Enterprise Campus and Branch bölməsinin icraçı vitse-prezidenti qeyd edib:

 

“Aeroportlar və aviaşirkətlər terminallar, qapılar və uçuş zolağı zonalarında minlərlə əməkdaş, sərnişin və kritik sistemləri dəstəkləməlidir. Şəbəkədə baş verən hər hansı problem dərhal gecikmələrə və narazılığa səbəb olur. Bu həll real vaxtda problemləri aşkar edib aradan qaldıran və çox vaxt istifadəçilər hiss etmədən işləyən ‘özünüidarə edən’ şəbəkə təqdim edir.”

 

SITA Campus Network hazırda 145-dən çox ölkədə əlçatandır və 24/7 əməliyyat dəstəyi ilə təmin olunur. Həll bahalı avadanlıqlara olan ehtiyacı azaltmaqla və əməliyyatları sadələşdirməklə həm ilkin investisiyanı, həm də davamlı xərcləri aşağı salır. “Pay-as-you-go” modeli isə müştərilərə tələbatdan asılı olaraq miqyası genişləndirmək və müxtəlif məkanlarda sürətli tətbiq imkanları yaradır.

#yeni #həlli #campus #gündəm #şəbəkə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər