00:00:00
Yazar
Nərmin Həşimova
19.04.2026 15:21 19 14 dəq oxuma
Maraqlı

”Ağaoğlular” Əhməd bəy irsinə, şəxsiyyətinə ən layiqli töhfədir

”Ağaoğlular” Əhməd bəy irsinə, şəxsiyyətinə ən layiqli töhfədir

Dəyərli fikir adamı, böyük alim və dövlət xadimi, istedadlı publisist Vilayət Quliyevin bir çox əsərləri arasında Azərbaycan mətbuatının görkəmli publisisti, jurnalisti, təpədən-dırnağa vətənpərvər, millətsevər olan Əhməd bəy Ağaoğluna həsr etdiyi “Ağaoğlular” adlı əsəridir. Bu əsər kitab şəklində çap olunmamışdan əvvəl dövrü mətbuatda silsilə şəklində çap olunmuş və oxucuların diqqətini cəlb etmişdir.


Ümumiyyətlə, V.Quliyev Azərbaycan mətbuat və ədəbi fikir tarixini əks etdirən məqalələri ilə 1980-90cı illərdə dövrü mətbuatın ən məhsuldar qələm əhlinə çevrilmişdir. Sonralar alimin bu tipli məqalələri, əsasən, “525-ci qəzet”də daha çox yer alır. Onun son illərdəki araşdırmaları, tariximizin qaranlıq və müəmmalı məqamlarına aydınlıq gətirən yazıları, səlis və dolğun təhkiyəsi, dili, yazı tərzi bizim üçün, sözlə çalışan bütün insanlar üçün örnəkdir, nümunədir, dəyərli məxəzdir, məhək daşıdır.

Müəllifin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan “Ağaoğlular” əsəri 1997-ci ildə “Ozan” nəşriyyatında işıq üzü görüb.


Filologiya elmləri doktoru, tədqiqatçı alim Asif Rüstəmlinin redaktorluğu ilə işıq üzü görən bu əsərdə Azərbaycan mədəniyyəti və mətbuatı tarixində mühüm yer tutan görkəmli ictimai xadim, publisist, naşir Əhməd bəy Ağayev (Ağaoğlu) və bütövlükdə Ağaoğlular nəsli haqqında geniş məlumat verilir.

V.Quliyev bu əsərinə Əhməd bəy Ağaoğlunun qızı, ilk türk qadın hüquqşünası Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi” və oğlu Səməd Ağaoğlunun “Atamın dostları” xatirələrini də daxil edib. Xatirələr Ağaoğlular nəslinin həyat və mübarizələrinə, eyni zamanda, Azərbaycan tarixinin qeyri-obyektiv təqdim olunmuş bir sıra səhifələrinə işıq salır.

Bu haqda müəllif yazır: “kitabda yalnız Əhməd Ağaoğlunu deyil, Ağaoğlular ailəsini müasir Azərbaycan oxucusuna təqdim etməyi daha üstün tutdum. Bu kitabda Ağaoğlular ailəsinin üç nümayəndəsinin-atanın, oğulun və qızın, əsasən, xatirə mahiyyətli yazılarını oxuculara təqdim edirəm. Təbii ki, bu, kökləri ilə Azərbaycana bağlı olan, Türkiyədə pərvəriş tapıb özünü təsdiq edən həmin ailənin yaratdığı, yaşatdığı mənəvi zənginliyin, həm də Azərbaycan xalqına, türklüyə və dünyaya mənsub olan böyük mənəvi sərvətin çox kiçik bir hissəsidir”.

Tədqiqatçının oxuculara təqdim etmək üçün hələ 1991-ci ildə hazırladığı bu kitabda toplanmış xatirələr Əhməd Ağaoğlunun ömür yolunu, onun kimliyini, şəxsiyyətini, ideyalarını, arzularını, prinsiplərini işıqlandırır.

 

Əsər “Ağaoğlular ailəsi” başlıqlı yazı ilə başlayır:“İndiyə qədər süni surətdə bir-birindən ayırdığımız bu nurlu, nəhəng şəxsiyyətlər müxtəlif yollarla eyni qayəyə, eyni amala doğru gedirdilər- təmsil etdikləri xalqın milli varlığını təsdiqləmək, onu layiq olduğu yüksəkliyə qaldırmaq, insani haqlarını özünə qaytarmaq uğrunda çalışırlar. Çoxunun layiq olduğu qiyməti verə bilmədiyimiz bu nəhənglərin sırasında xalqımızın böyük oğlu, yorulmaz mübarizə və fikir adamı Əhməd Ağaoğlu da var idi”.

 

Əsərlə tanışlıq bir daha sübut edir ki, tədqiqatçı alim əsərini ərsəyə gətirmək üçün saysız-hesabsız mənbələrə müraciət edərək, gərgin əmək sərf etmiş və Əhməd bəy şəxsiyyətinə, mənəviyyatına, bədii-ədəbi irsinə layiq belə qiymətli bir əsər yaratmışdır.

Müəllif əsərdə Azərbaycanlı tədqiqatçılarla yanaşı Əhməd bəy Ağaoğlunun əqidə dostu Yusif Akçuradan tutmuş müasir tədqiqatçılardan Fəxrəddin Gülsevən, Şükufə Nihal, Peyami Səfa və başqalarının əsərlərinə, mülahizələrinə də yer ayırmışdır.

 

Əsər Ə.Ağaoğlunun uşaqlıq illərindən ta dünyasını dəyişən zamanına kimi olan bir dövrü əhatə edir. Bəlli olur ki, Əhməd bəyin təhsilə, yeniliyə meyilli bir ailədə anadan olması, onun gələcək həyatının istiqamətləndirilməsində önəmli rol oynayır.

Mədrəsədən çıxıb rus-tatar gimnaziyasına üz tutan Əhməd bəy buradakı təhsillə kifayətlənməyərək Peterburqa, oradan da Parisə üz tutur. Təbii ki, bu şəhərlər, onun ab-havası, təhsili və mühiti onun həyata baxışını, dünyagörüşünü daha da artırır, onu xalqına, vətəninə xeyir verən bir ziyalı kimi yetişdirir.

 

Müəllif Ə.Ağaoğlunun Bakıdakı mətbuat fəaliyyəti ilə yanaşı ictimai-siyasi fəaliyyətindən də ətraflı söhbət açır. Xalqın milli müdafiəsini təşkil etmək üçün yaratdığı “Difai” təşkilatından, Türkiyədə mühacir həyatı yaşayarkən ömrünün sonuna kimi xalqının azadlığı uğrunda mübarizə aparmasından fəxrlə söhbət açaraq onu “təpədən-dırnağa vətənpərvər, millətsevər” adlandırır.

Əsərdə, həmçinin, Əhməd bəyin ictimai-siyasi fəaliyyəti ilə yanaşı, elmi-ədəbi, bədii yaradıcılığına da nəzər salınır.

“Türk hüquq tarixi”, “Türk mədəniyyət tarixi”, “Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”, “Üç mədəniyyət”, “İngiltərə və Hindistan”, “Mən kiməm?”, “Malta xatirələri” və s. əsərləri, onların məzmun və qayəsi açıqlanır.

Akademik K.Talıbzadə Vilayət Quliyevin bu əsərini daha çox “Ağaoğluların fəaliyyətini öyrənən ən dəyərli mənbə” adlandırırdı.

Bu dəyərli mənbədə Ağaoğluların ədəbi fəaliyyətini çox yüksək qiymətləndirən tədqiqatçı alim yazır: “Son doxsan il ərzində Ağaoğlular ailəsinin üç nəsli Türkiyədə istər ədəbiyyat və mədəniyyət, istərsə də siyasət sahəsində öz sözlərini demişlər. Bu ailə Türkiyənin həm ədəbi, həm də siyasi tarixinə artıq öz möhürünü vurmuşdur.Ona görə də kitabda yalnız Əhməd Ağaoğlunun deyil, Ağaoğlular ailəsini müasir Azərbaycan oxucusuna təqdim etməyi daha üstün tutdum”.

“Ağaoğlular ailəsi” sərlövhəli başlıqla başlayan müəllif yazır: “XX yüzilliyin əvvəllərində Azərbaycan mühiti bir-birindən nəhəng şəxsiyyətlər yetirdi. Az qala bütöv əsr öz doğma stixiyasından ayrılaraq yadellilərin zülmü altına düşən, dili, dini, milli varlığı, heysiyyəti təhqir edilən millət sanki qayadan yuvarlanan qartal kimi son anda birdən-birə qanadlarını düzəltmiş və yad, düşmən qüvvələrin heyrətli baxışları altında dikələrək yenidən ənginliklərə qanadlanmağa başlamışdı. Mən nə qədər düşünmüşəmsə, bu fenomenin, bu qeyri-adi milli və intellektual şölələnmənin sirlərini özüm üçün sonadək aydınlaşdıra bilməmişəm”.

Bu qaranlıq mühitdə Əhməd bəy Ağaoğlu kimi istedadlı, millətsevər, vətənpərvər oğulların maarif, elm yolunda parlamasından, xalqını azadlığa qovuşdurmaq üçün apardığı mübarizələrdən və məfkurələrdən bəhs edən tədqiqatçı alim yalnız “Ağaoğlular” əsərində deyil, bir çox məqalə və əsərlərində XX əsrin əvvəllərində yaşayıb-yaradan, milli istiqlal uğrunda mübarizə aparan, xalqı yeniliyə, maarifə sövq edən klassiklərin mətbuat və mədəniyyət tariximizin inkişafındakı rolundan və yerindən bəhs edərək onların elmi, bədii, ədəbi irsini gəncliyə təlğin edir. Çünki XX yüzilliyin başlanğıcında “bu qaranlıq mühitdə elə parlaq ulduzlar yandı ki, onlar təkcə öz xalqlarına deyil, bütün Şərqə, bütün türk və müsəlman dünyasına işıq saçmağa başladılar”.

Bunlar arasında əsasən fərqlənənlər dövrün ən istedadlı jurnalistləri, publisistləri, bir sözlə, güclü qələm və kəlam əhli oldu.

C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyli, C.Hacıbəyli, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.B.Məhəmmədzadə, M.A.Rəsulzadə, Ə.Topçubaşov, N.Nərimanov elementar insan hüquqlarından və milli duyğulardan təcrid edilmiş bir xalqın vur-tut bir onillikdə yetirdiyi bu ədəbiyyat, sənət, siyasət nəhəngləri Azərbaycanın qeyri-adi mənəvi-əqli potensialını bütün dünyaya sübut etmək üçün kifayətdir. Bax bütün bu keyfiyyətlər V.Quliyevin bu şəxsiyyətlərin yaradıcılığına və şəxsiyyətinə həsr etdiyi əsərlərinin hər birində, xüsusən də “Ağaoğlular”da daha geniş şəkildə açıqlanır.

Bir faktı unutmaq olmaz ki, yetmiş il əsiri olduğumuz bolşevik, sosialist, kommunist sistemləri təbiətimizə, tariximizə, əxlaqımıza yad olan qeyri-insani ideologiya öz saxta bütlərini yaradaraq xalqın əsl oğullarını hər vasitə ilə onun yaddaşından sıxışdırıb çıxarmağa çalışmışdır. Amma nə yaxşı ki, “bəzən haqqı nahaqqa verdiyi kimi, bəzən də onun təntənəsini təmin etməyi bacaran tarix, hər şeyin əslini özünə qaytaran zaman” və ən ağır günlərimizdə bizə təsəlli olan belə bir müdrik şəxsiyyətlərimiz var. Və nə yaxşı ki, illər sonra da olsa tədqiqatçılarımız onların elmi, bədii, ədəbi irsini yenidən xalqına qaytara və bu günün gəncliyinə onları tanıda bildi.

Ümumiyyətlə, əsərlə tanış olarkən bəlli olur ki, Ə.Ağaoğlunun bütün xarakteri, ədəbi-bədii yaradıcılığı, siyasi fəaliyyəti bu əsərdə öz əksini tapmışdır. Müəllifin əsərə daxil etdiyi Əhməd bəyin “Mən kiməm?” adlı əsəri onun müəllifinin və geniş mənada insanın mürəkkəb təbiəti, təzadlı daxili dünyası haqqında daha mükəmməl təsəvvür yaradır.

Şübhəsiz, forması, yazılışı ilə son dərəcə orijinal təsir bağışlayan bu tarixi-fəlsəfi esseni sırf memuar ədəbiyyat nümunəsi adlandırmaq bir qədər çətindir. Lakin memuar yalnız tarixlərə, konkret şəxsiyyətlərə və s. əsaslanan hadisələr silsiləsi deyil, təkcə yaddaşın yox, hislərin də memuarları var və Əhməd bəy Ağaoğlu da “Mən kiməm?” əsəri ilə təkcə yaddaşında deyil, həm də duyğularında, hislərində yaşayanları, özünün və bizim hamımızın əbədi əzablarını başqalarına çatdırmağa çalışmışdı. “Bu memuarların həm də Əhməd Ağaoğlunun gərgin siyasi fəaliyyətinə, intəhasız jurnalist yaradıcılığına, mürəkkəb elmi əsərlərinə bir açar rolunu oynayacağına ümid edirəm”,-söyləyən müəllif çox haqlıdır. Doğrudan da alimin bu maraqlı, dəyərli əsəri Əhməd bəy Ağaoğlu yaradıcılığını, siyasi fəaliyyətini geniş şəkildə açıqlamaq üçün çox qiymətli bir əsərdir. Çünki burada onun Azərbaycan mətbuatının, maarifinin təbliğində böyük rol oynaması faktlar, dəlillər vasitəsilə oxucusuna təlğin edilir.
 
Bildiyimiz kimi, Ə.Ağaoğlu irsinə Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə müraciət edən Azərbaycan EA-nın müxbir üzvü Əziz Mirəhmədov olmuşdur. Onun yazıçı Elçin Əfəndiyevin tərtibi və redaktorluğu ilə Azərbaycan və rus dillərində çap olunan “Fikrin karvanı” kitabındakı “Əhməd bəy Ağayev” oçerki ilə ilk dəfə gözlərimiz önündə torpağımızda yetişmiş bir fikir və əməl nəhənginin portreti çizilmişdir. Amma onu da qeyd edək ki, hələ bu əsərdən əvvəl E.Əfəndiyevin 1991-ci ildə Moskvada, “Literaturnaya qazeta”da çap olunmuş məqaləsini də xatırlatmaq yerinə düşərdi. Deyilənlərə görə müəllifin bu məqaləsi Ermənistanda və Moskvada yaşayan ermənilər tərəfindən çox böyük qəzəblə qarşılanmışdır. Hər üç müəllif Əhməd bəy Ağaoğlunu böyük türkçü Yusif Akçura və Şeyx Cəmaləddin Əfqaninin adı ilə bir çəkərək ona layiq olduğu qiyməti verirlər.
Deməli, Avropada təhsil almasına baxmayaraq, Ə.Ağaoğlu “özündə həm Avropa, həm də müsəlman təfəkkürlərini birləşdirə bilmişdir”. Hələ 21 yaşında Fransız mətbuatında fransız dilində ilk dəfə olaraq türk-islam məsələsini işıqlandıran Ağaoğlunun publisistikası sonralar daha müxtəlif mövzuları əhatə edir.

V.Quliyev bu məşhur əsərində Ağaoğlunun publisistikasından da geniş bəhs edir.

O bu haqda yazır: “Ağaoğlu 50 il publisistika ilə məşğul olmuşdur. Onun ilk publisistik yazısı dərvişə, son yazısı isə Atatürkə həsr olunmuşdur”.

Daha sonra tədqiqatçı alim bu publisistikada Ağaoğlunun ən çox milli maraqlara üstünlük verdiyini qürurla qeyd edir: “Ağaoğlunun publisistikasının bir neçə ümumi, özünəməxsus cəhəti vardır: birincisi və ən başlıcası, bu publisistika çarizmə münasibət məsələsindən, əsasən, milli burjuaziyaya, onun ideologiyasına, bütövlükdə milli maraqlara arxalanan mövqedən çıxış edirdi.

Ümumiyyətlə, Ə.Ağaoğlu istər publisistikasında, istər digər fəaliyyətində daha çox milli maraqlara, millətpərəstliyə, vətənpərvərliyə üstünlük verən bir şəxs olub.

V.Quliyev əsərində, əsasən, Əhməd bəyin bu məzmunda olan məqalələrinin təhlilinə geniş yer verib.

Xalqının ehtiyaclarını, dövrün ağır problemlərini aradan qaldırmaq üçün özünü xalqın “söz deyəni” hesab edən ədib bu fikirlərini Rusiya mətbuatında da deməkdən çəkinmirdi.

Rusiya mətbuatında Azərbaycan, türk dünyasına, islam dininə qarşı böhtan və təxribat xarakterli çıxışlara Əhməd bəy ardıcıl olaraq cavablar verirdi. Bu cavablar elmi və nəzəri baxımdan faktlarla, elmi müddəalarla əsaslandırılmış cavablar idi. Bütün bu məsələləri tədqiqatçı öz əsərində daha da ətraflı açıqlaya bilmişdir.

Tədqiqatçı əsərində görkəmli ictimai xadim, ədəbiyyatşünas alim, jurnalist və tənqidçi Əhməd bəy Ağaoğlunun siyasi, ədəbi fəaliyyətinə keçməzdən əvvəl belə bir sualla başlayır: “Kim olub Əhməd bəy Ağaoğlu?”.

Əsər boyu da onun kimliyi, əqidəsi, məsləki oxucuya geniş şəkildə açıqlanır.

Əhməd bəyin anadan olduğu, böyüdüyü boya-başa çatdığı ailə, mühit, bunların onun həyatının sonrakı mərhələlərinə təsiri tədqiqatçı tərəfindən hərtərəfli açıqlanır. Bu haqda V.Quliyev yazır: “İki nəfərin, anası olan Tazə xanımın və əmisi Hacı Mirzə Məhəmmədin tərbiyəsi altında böyüyüb-başa çatan Əhməd bəy Ağaoğlu iki ayrı-ayrı istiqamətdə, dualist ruhda formalaşmışdır.

Onların təsiri Ə.Ağaoğlunun bir tərəfdən anasına görə dünyəvi elmlərə marağını, digər tərəfdən isə dindar, mütəsəssib müsəlman olan əmisinə görə şəriətə, din tarixinə məhəbbətində öz əksini tapmışdır. Amma sonralar da Ağaoğlu bu iki istiqamətə ömrü boyu sadiq qalmışdır. Bunu akademik Kamal Talıbzadə belə şərh edirdi: “bu iki təlim-tərbiyə və bilik sistemi bütün həyat boyu Əhməd Ağaoğlunun ictimai-siyasi fəaliyyətinin ümumi ideya-məzmununu, səciyyəsini müəyyənləşdirmişdir”.

“Ağaoğullar”da daha diqqəti cəlb edən bir cəhət də odur ki, tədqiqatçı əsərində yalnız Əhməd bəy Ağaoğlu haqqında deyil, ümumiyyətlə, Ağaoğlular ailəsi haqqında, onların Azərbaycan və Türkiyə siyasi-ictimai, mədəni-ədəbi mühitində oynadığı rolundan ətraflı məlumat verir.

“Bir ömür belə keçdi” adlı xatirələrin müəllifi Əhməd bəyin böyük qızı Sürəyya Ağaoğlu haqqında V.Quliyev yazır: “Ailənin böyük qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Qarabağda doğulmuşdur. 1910-cu ildə ailəsi ilə birlikdə İstanbula köçmüş, burada qız liseyini, İstanbul universitetinin hüquq fakültəsini bitirmişdir.

Xatirələrdən də bəlli olur ki, Sürəyya xanım hüquq təhsili alan ilk türk qadınlarından biri idi. O, eyni zamanda, Türkiyədə ilk vəkil qadın olmuş, müxtəlif beynəlxalq cəmiyyətlərin işində Ümumdünya Qadın Hüquqşünaslar Cəmiyyətinin vitse-prezidenti kimi çalışmışdır. Atasının yolu ilə gedən Sürəyya xanım özünün bütün fəaliyyətini Türkiyənin demokratik inkişafına və insan hüquqlarının qorunmasına sərf etmişdir”.

Sürəyya Ağaoğlunun bu əsərində Əhməd bəyin istər siyasi, istər ədəbi fəaliyyətində hər an ona dəstək olan ömür-gün yoldaşı Sitarə xanım haqqında da məlumat verilir. S.Ağaoğlu əsərinin “Ən yaxın dost” adlı bölümündə bu haqda söhbət açaraq yazırdı: “İndi atamın ən yaxın dostuna növbə çatdı.

Bu kiçik, əsmər bənizli, qara gözlü, zəif bir qadındır. Bu, anamdır. Xatirələrimin artıq heç bir şeyi fərq edə bilmədiyi qaranlıq küncündə incə, zəif işıq kimi görünən, üzü getdikcə aydınlanaraq ta ölüm yatağında onu gördüyüm ana qədər daim atamın yanında idi. Oxuyub-yazmağı öyrənmişdi. Lakin qədim, əsil-nəcibli bir Azəri ailəsinin maddi və mənəvi zənginliyi içində inkişaf edən incə zəkasının, həssas ruhunun yaratdığı romantik təbiətli bir xalq adamı olan atamın çılğın, əsəbi, məsuliyyətsiz ağıl və xarakter ilə durmadan çarpışdı, bu zəka və xarakterin kobud tərəflərini cilalayaraq Ağaoğlu ailəsinin cəmiyyət içərisində öz yerini tutmasına çox böyük kömək göstərdi. Atamın rəqibləri, hətta düşmənləri belə bu qadının qarşısında kinlərini, hiddətlərini unutmaq, hətta göstərməmək məcburiyyətində qalırdılar”.


Kitabda yer alan Ağaoğlulara mənsub olan daha bir əsər Səməd Ağaoğlunun “Atamın dostları” əsəridir. Ağaoğlu ailəsinin dördüncü uşağı olan Səməd 1909-cu ildə Bakıda doğulmuşdur. Səməd Ankara universitetinin hüquq fakültəsini bitirdikdən sonra Fransada Strasburq universitetinin aspiranturasında təhsilini davam etdirmişdir. Səməd bəy də atası kimi bədii yaradıcılıqla məşğul olmuşdur. Daha çox siyasi-publisistik və elmi əsərlər, məqalələr yazmışdır.

Müxtəlif vaxtlarda onun türk nəşriyyatlarında “Atamdan xatirələr”, “Müəllim Qafur”, “Böyük ailə”, “Qatilin ölümü”, “Strasburq xatirələri” adlı bədii əsər və memuarları çap olunmuş və oxucuları tərəfindən böyük maraq qarşılanmışdır. Bütün bunlarla yanaşı, Səməd bəy də atası Əhməd Ağaoğlu kimi siyasi aləmdə nüfuz qazanmışdır. Haqqında Vilayət Quliyev fəxrlə qeyd edir ki: “Türkiyə Böyük Millət Məclisindən Ağaoğluların səsi yalnız əsrimizin 10-20-ci illərində deyil, həm də 50-ci illərində də gəlirdi. 1950-1960-cı illərdə Manisadan TBMM-in deputatı olan Səməd Ağaoğlu ölkənin siyasi həyatında mühüm rol oynamışdır. O, Türkiyədə demokratik düşüncənin və çoxpartiyalı sistemin formalaşmasında danılmaz xidmətlər göstərmişdir. Türkiyənin siyasi həyatına çoxpartiyalılıq gətirmək baxımından ata Ağaoğlunun səhvləri uğursuzluqla nəticələnsə də, bu, oğul Ağaoğlunun eyni yolla getməkdən çəkindirməmişdir”.

“Ağaoğlular” əsərində “Sərbəst firqə xatirələri” rubrikası altında Əhməd bəy Ağaoğlunun bir çox sərlövhə ilə siyasi məqalələri və çıxışları da çap edilmişdir.

Məsələn, “Qurulması və yayılması”, “Fəthi bəylə qazi arasındakı məktublaşma”, “Firqənin quruluş şəklinə dair ilk etirazlarım”, “Yeni firqəyə “Sərbəst” adını kim verdi?”, “İlk pis əlamətlər və bizim istinadgahımız”, “Yarın” qəzetinin qaranlıq və pozucu rolu”, “Nə üçün bələdiyyə seçkilərində iştirak edən əleyhinə çıxırdım?”, “Bələdiyyə seçkiləri məsələsində qazinin düşüncələri”, “İzmir hadisələri”, İzmirə gedən yolda eşitdiyim xəbərlər” və s. məqalələrinin adlarını çəkmək olar.
 
Bu məqalələrdən belə bəlli olur ki, Əhməd bəy o zaman Türkiyədə baş verən siyasi hadisələri belə qiymətləndirirdi: “Biz hələ formalaşmamışıq. Bizdə bir-birindən ayrılmış və bir-birilə təzad təşkil edən mənfəət və fikir cərəyanları yoxdur. İndi bizim üçün əsas məsələ bu məmləkəti hürriyyətə alışdırmaqdır. Təcrübə də göstərdi ki, tamamilə müxalifətçi bir firqənin yaşamaq imkanı yoxdur. Tək firqə isə istibdada gətirib çıxarır. Vəziyyət son dərəcə incədir. Xalq firqəsi böyük elastiklik və məharət göstərməli, hər şeydən əvvəl özünü islah etməli, ciddi fəaliyyətə başlamalı və xüsusən də xalqı oyandırmağa və maarifləndirməyə çalışmalıdır”.
Bu cümlələri oxuduqca bizə daha da aydın olur ki, Əhməd bəy Ağaoğlu, doğrudan da, istedadlı qələm əhli olduğu kimi, həm də böyük siyasətçi idi.
 
Vətəndən uzaqda vətən üçün çalışan Əhməd bəy Ağaoğlu 1939-cu ildə vəfat etmişdir. Onun yolunu övladları layiqincə davam etdirmişlər. Əsərləri ilk dəfə Azərbaycan oxucusuna təqdim olunan Əhməd bəy Ağaoğlunun bu kitabında həm məqalələri, müxtəlif konqreslərdə çıxışları, həm də bədii-fəlsəfi əsərləri toplanmışdır.
 
Tarixin qaranlıq məqamlarına inadlı və davamlı yaradıcılıqla işıq salmağa çalışan filologiya elmləri doktoru, professor Vilayət Quliyev 20 illik axtarış və tədqiqatlarının nəticəsi olaraq dörd sanballı kitabı 2008-ci ilin sonunda ictimaiyyətə təqdim etdi. O, Əhməd bəy Ağaoğlunun ailəsində doğulmuş Səməd Ağaoğlunun əsərlərini çapa hazırlayaraq Azərbaycan oxucusuna çatdırdı. Səməd Ağaoğlu “Hekayələr, memuarlar”. Bu, sadəcə Türkiyədə yaşayan Azərbaycan əsilli bir yazıçının bədii düşüncəsinin məhsulu deyildi. Müəllif Azərbaycan barəsində atasından eşitdiklərini öz duyğularından keçirərək qələmə almışdır.
 
Əhməd Cəfəroğlunun “Seçilmiş əsərləri”. Filoloji irsimizin daha layiqli bir nümayəndəsinə bədii abidə ucaldan Vilayət Quliyev tanınmış türkoloq-alim, Azərbaycan əsilli ədəbiyyatşünas Əhməd Cəfəroğlunun zəngin elmi irsini oxuculara çatdırmaqla böyük fədakarlıq göstərmişdir. Kitabın elmi redaktoru Kamal Abdulla yazır: “Vilayət Quliyev Əhməd Cəfəroğlunun 300-dən çox əsərinin içərisində məhz Azərbaycan tarixi, folkloru, ədəbiyyatı, ictimai-siyasi həyatı ilə bağlı məqalə və araşdırmalarına üstünlük vermişdir. Vilayət Quliyevin bu xeyirxah zəhməti, həqiqətən, alqışa layiqdi”.
 
Ədəbiyyatımızla, mətbuatımızla, ədəbi mühitimizlə bağlı araşdırmalar aparan, öz dəyərli, orijinal, maraqlı tədqiqat əsərləri ilə oxucuların diqqətini çəkən alim bu gün də tədqiqatlarını davam etdirir. Ona görə də onun əsərləri, saysız-hesabsız məqalələri təkcə filoloqlar, jurnalistlər, tarixçilər, politoloqlar, hüquqşünaslar tərəfindən deyil, ümumiyyətlə, böyük türk dünyasını sevən oxucu kütləsi tərəfindən maraqla qarşılanır, diqqətlə oxunur. Çünki tədqiqatlarında bəhs etdiyi insanların böyük əksəriyyəti türk dünyasında, islam aləmində qələmi, sözü ilə tanınmış, əqidəsi, amalı uğrunda mübarizə aparmış şəxsiyyətlərdir ki, onlar Azərbaycan xalqının istiqlal tarixində silinməz izlər qoyub getmişlər.
 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#ağaoğlular #töhfə #mətbuat #əhməd bəy ağaoğlu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər