00:00:00
Yazar
Admin User
11.12.2025 17:06 163 2 dəq oxuma
Siyasət

Ağır güzəştlərə hazır ol

Ağır güzəştlərə hazır ol

"Corriere della Sera" nəşri məlumat yayıb ki, İtaliya Baş naziri Corciya Meloni Ukrayna Prezidenti Vladimir Zelenskini ağır güzəştlərə hazır olmağa çağırıb.

 

“Bəlkə də müəyyən ağrılı güzəştlərə getməli olacaqsınız”,- Meloni Zelenskiyə deyib.

 

Qeyd olunub ki, Zelenski də Melonidən ABŞ Prezidenti Donald Trampa təsir etməyi xahiş edib.

 

Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin biabırçı sülh sazişinə imza atmaq, ya da hakimiyyətdən çəkilməkdən başqa seçimi qalmayacaq:

 

“Trampın sülh planı Ukraynanın güzəştlərə getməsini özündə ehtiva edir. ABŞ prezidentinin sülh təşəbbüsü təkcə kağız üzərindəki təkliflərlə məhdudlaşmır. O Ukraynaya ciddi şəkildə təzyiq də göstərir. Xüsusilə, Zelenskini sülh layihəsi ilə razılaşmağa və ona imza atmağa məcbur etdiyi görünür. İtaliyanın baş naziri Meloni də bütün bunları görür. Ona görə də Zelenskinin ağrılı güzəştlərə getməli olacağını ifadə edib. Çünki Zelenski faktiki olaraq qeyri-legitimlikdə, korrupsiyada ittiham olunur. Bu, onun xalqın gözündə nüfuzdan salınmasına xidmət edir. Üstəlik, cəbhədəki durum da Ukraynanın xeyrinə deyil. Son günlər Rusiyanın hücumları intensivləşib və az da olsa, Ukrayna qoşunları geri çəkilməyə məcbur edilib. Avropa üçlüyü - Almaniya, İngiltərə və Fransa liderləri Zelenskini müdafiə edirlər. Onlar Zelenskinin istefaya getməsinə mane olur, prezident seçkilərini isə maksimum uzatmağa çalışırlar. Lakin göründüyü kimi Meloni vəziyyətin heç də yaxşı olmadığını ifadə edib. Zelenskinin manevr imkanları getdikcə daralır. Yaxın vaxtlarda onun qarşısında yalnız iki pis seçim qalacaq. O ya biabırçı sülh sazişinə imza atmalıdır, ya da hakimiyyətdən çəkilməlidir”.

 

Ekspert qeyd edib ki, indi yeganə ümid yeri Avropa ölkələrinin qeyri-səmimi geosiyasi oyunlarıdır:

 

“Rusiya-Ukrayna sülh müqaviləsinə münasibətdə ABŞ və Avropa İttifaqı arasında fikir ayrılıqları getdikcə dərinləşir. İndi Rusiya ilə Ukrayna anlaşmasından daha çox ABŞ ilə Aİ-nin dil tapmasına ehtiyac var. Çox güman ki, Tramp planı Avropanın maraqlarını nəzərə almır. Buna görə də Ukrayna ilə bərabər Avropa ölkələri də Trampa təsir etməyə çalışır. Ukrayna sülh prosesinin əldə edilməsi üçün özünün bütün təsirlərini itirib. İkitərəfli və çoxtərəfli danışıqlarda istinad edəcəyi tutarlı bir arqumenti, gücü yoxdur. Yeganə ümid yeri Avropa ölkələrinin səmimi olmayan geosiyasi oyunlarıdır. Onlar da etibarlı tərəfdaş olmadığından Ukraynanın milli maraqlarına uyğun nəticə əldə etmək çətin ki, mümkün olsun. Çox güman ki, Birləşmiş Ştatların təzyiqləri AB-ni də parçalayacaq. Avropa ölkələri getdikcə ABŞ-nin mövqeyini müdafiə edəcəklər. Bütün bunlar isə indiki halda Ukraynaya yaxşı heç nə vəd etmir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər