00:00:00
Yazar
Səadət Əlizadə
20.08.2026 20:30 41 3 dəq oxuma
Siyasət

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Avropa İttifaqı (Aİ) ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akaneyə və baş məhkəmə vəkili Abdulaye Seyeyə qarşı tətbiq etdiyi yeni sanksiya qərarına sərt reaksiya verib.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Tomoko Akane və baş məhkəmə vəkili Abdoulaye Seye qarşı yeni sanksiyaları Vaşinqtonla Haaqa məhkəməsi arasındakı uzunmüddətli qarşıdurmanın növbəti və daha sərt mərhələsidir:

 

"Məlum olduğu kimi 18 avqust 2026-cı ildə elan edilən tədbirlər Akane və Seye-nin ABŞ yurisdiksiyasındakı aktivlərinin dondurulmasını və ABŞ maliyyə sisteminə çıxışlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Vaşinqton BCM-ni ABŞ və İsrail rəsmilərinə qarşı yurisdiksiyasını aşmaqda və siyasi motivlərlə hərəkət etməkdə ittiham edir.
ABŞ-nin təzyiq siyasətinin ilk və ən açıq məqsədi Amerika və onun əsas müttəfiqlərinin BCM-nin yurisdiksiyasından qorunmasını təmin etməkdir. ABŞ Roma Statutunun iştirakçısı deyil və ardıcıl administrasiyalar da öz vətəndaşlarının BCM qarşısında məsuliyyətə cəlb edilməsinə etiraz ediblər. Hazırkı administrasiya isə xüsusilə, İsrail rəhbərliyinə dair həbs qərarlarını qəbuledilməz hesab edir. Buna görə Vaşinqtonun baxışında məsələ yalnız ayrı-ayrı hakim və prokurorlara qarşı sanksiya deyil, ABŞ-nin dövlət suverenliyi və xarici siyasət manevr imkanlarının qorunmasıdır.
Lakin daha geniş siyasi məqsəd BCM-nin institusional təsir imkanlarını zəiflətməkdir. ABŞ Dövlət katibi Marko Rubio artıq məhkəməyə qarşı təzyiqləri yalnız konkret işlərlə məhdudlaşdırmır və digər dövlətləri BCM-dən uzaqlaşmağa təşviq edən daha geniş diplomatik kampaniyadan danışır. Bu baxımdan sanksiyalar məhkəmə rəhbərliyinə birbaşa təzyiq olmaqla yanaşı, digər ölkələrə də siyasi siqnal göndərir. Vaşinqton BCM ilə əməkdaşlığın müəyyən hallarda ciddi siyasi və iqtisadi nəticələr yarada biləcəyini nümayiş etdirmək istəyir".

 

Əlavə olaraq bildirilib ki, bununla belə, bu siyasətin əks nəticə yaratmaq ehtimalı da kifayət qədər yüksəkdir:

 

 

"Aİ ABŞ-nin son addımlarını məhkəmə müstəqilliyinə təhlükə kimi qiymətləndirir və Roma Statutunun universallığını, BCM-nin müstəqil fəaliyyətini müdafiə edir. Aİ-nin mövqeyinə görə məhkəmə siyasi təzyiq və müdaxilədən azad fəaliyyət göstərməlidir.
Digər dövlətlərin mövqe seçməsinə gəlincə, bəli, ABŞ təzyiqləri müəyyən dövlətləri seçim qarşısında qoya bilər. Xüsusilə ABŞ-lə sıx siyasi və təhlükəsizlik münasibətləri olan ölkələr üçün BCM ilə əməkdaşlıq məsələsi daha həssas xarakter ala bilər. Digər tərəfdən, Vaşinqtonun təzyiqi əks istiqamətdə də işləyə bilər: Yaponiya, Aİ ölkələri və digər Roma Statutu iştirakçıları BCM-nin müdafiəsinə daha qəti şəkildə çıxaraq məhkəmənin müstəqilliyini qorumağa çalışa bilərlər. Belə ki, Yaponiya artıq Vaşinqtonun Akane-yə qarşı sanksiyalarını “çox təəssüf doğuran” addım adlandırıb.
Ümumilikdə isə indi əsas məsələ beynəlxalq hüququn universal tətbiqi ilə böyük dövlətlərin milli suverenlik və siyasi maraqları arasındakı balansın harada müəyyənləşəcəyidir. ABŞ təzyiqi BCM-ni zəiflədə bilər, lakin eyni zamanda onun tərəfdarlarını daha sıx konsolidasiya edərək beynəlxalq hüquq sistemində yeni siyasi parçalanmanı da sürətləndirə bilər".

 

 

Səadət Əlizadə

#gündəm #baki #abş-nin #tətbiq #beynəlxalq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər