Aİ Azərbaycanın təhsil sektorunda layihə həyata keçirib
Avropa İttifaqı (Aİ) 2008-ci ildən etibarən Azərbaycanın təhsil sektorunda 29 layihə həyata keçirib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bu layihələrin əsas məqsədi Azərbaycanda Avropa təhsil sisteminin, xüsusilə də Boloniya prosesinin təşviqi ola bilər:
"Avropa İttifaqının (Aİ) Azərbaycanda təhsil sektorunda həyata keçirdiyi 29 layihə, böyük ehtimalla bu sahəyə cavabdeh olan qurumlarla, xüsusilə də Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Həmçinin layihələrin ölkədə fəaliyyət göstərən universitetlər və təhsil sisteminə daxil olan digər qurumların iştirakı və dəstəyi ilə həyata keçirildiyi ehtimal olunur. Bu layihələrin əsas məqsədi Azərbaycanda Avropa təhsil sisteminin, xüsusilə də Boloniya prosesinin təşviqi ola bilər. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan universitetlərinin əksəriyyətində Boloniya sisteminə uyğun təhsil modeli tətbiq edilir. Bu isə Avropa ilə ortaq layihələrin reallaşdırılmasını daha da asanlaşdırır, çünki eyni təhsil standartlarına əsaslanan ölkələr arasında əməkdaşlıq daha münasib olur. Layihələrə ictimai münasibətə gəldikdə, onların əhəmiyyətini daha çox təhsil sahəsində çalışan mütəxəssislər və bu prosesdə bilavasitə iştirak edən insanlar qiymətləndirə bilərlər. Böyük ehtimalla təhsil ictimaiyyəti bu təşəbbüsləri müsbət qarşılayır. Bununla belə, sovet təhsil sistemini üstün hesab edən və həmin modeli dəstəkləyən bəzi şəxslərin Avropa təhsil standartlarına tənqidi yanaşması da mümkündür. Ümumilikdə isə Avropa təhsil sistemi dünyanın ən mütərəqqi və inkişaf etmiş modellərindən biridir. Onun Azərbaycanda tətbiqi ölkənin təhsil sektoruna mühüm faydalar gətirə bilər".
Xədicə Məhərrəmli
