00:00:00
Yazar
Aysel Mirzəyeva
13.03.2026 20:57 20 2 dəq oxuma
Siyasət

"Aİ Cənubi Qafqazın lider ölkəsinin Azərbaycan olduğunu qəbul edir"-ŞƏRH

"Aİ Cənubi Qafqazın lider ölkəsinin Azərbaycan olduğunu qəbul edir"-ŞƏRH

Son illər Azərbaycanın bir sıra aparıcı dövlətlərlə, xüsusilə də Avropa İttifaqı ilə münasibətlərində keyfiyyətcə yeni mərhələ müşahidə olunur. Artıq Bakı-Brüssel xəttində əməkdaşlıq sadəcə tərəfdaşlıq çərçivəsindən çıxaraq getdikcə daha çox strateji məzmun kəsb edir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, artıq Avropa İttifaqı Cənubi Qafqazın əsas gücünün Azərbaycan olduğunu qəbul edir:

 

“Azərbaycan təkcə ayrı-ayrı dövlətlərlə deyil, nüfuzlu beynəlxalq qurumların hər biri ilə yaxın əməkdaşlıq etməkdə maraqlıdır. Avropa İttifaqı da məhz bu qurumların sırasında ön yerlərdən birini tutur. Təəssüf ki, zaman-zaman Avropa İttifaqının Azərbaycana qarşı qərəzli münasibətinin də şahidi olduq. Bu proses müəyyən hallarda bu gün də davam edir. Xüsusilə Avropa İttifaqı müşahidəçilərinin sərhədə yerləşdirilməsindən sonra bəzi davranışları Azərbaycanda ciddi narazılıq doğurur. Açıq şəkildə Ermənistana yönəlik yanaşmaların sərgiləndiyi də müşahidə olunur. Bununla yanaşı, Azərbaycan həm Avropa İttifaqı, həm də digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa açıq olan ölkədir. Hər hansı qurum əməkdaşlıq üçün əl uzadanda Azərbaycan bu əməkdaşlığı dəyərləndirməyə çalışır. Düşünürəm ki, Avropa İttifaqı ilə münasibətlərin inkişafı Azərbaycan üçün də vacibdir və gələcəkdə bu əməkdaşlıq daha da güclənəcək. Çünki dünya dəyişir, region dəyişir və artıq Avropa İttifaqı da Cənubi Qafqazda təsirlərini artırmaq üçün Azərbaycana daha çox ehtiyac duyur. Əvvəllər Avropa İttifaqı düşünürdü ki, regionda müəyyən təsiri Ermənistan üzərindən əldə edə bilər. Lakin son illərin reallıqları göstərdi ki, bu mümkün deyil və nəticədə qəbul olundu ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır”.

 

Həmçinin şərhçi qeyd edib ki, Avropa İttifaqı lider ölkə ilə əməkdaşlıqdan müsbət nəticələr əldə edə biləcəyini anlayır:

 

“Azərbaycanın çoxvektorlu xarici siyasəti də bu əməkdaşlıq üçün mühüm zəmin yaradır. Enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə, bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı üçün enerji təhlükəsizliyi prioritet məsələlərdən biridir və Azərbaycan da bu istiqamətdə etibarlı tərəfdaş kimi çıxış edir. Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycan-Avropa İttifaqı əlaqələri daha da genişlənəcək və yeni mərhələyə yüksələcək. Ümumilikdə, bu əməkdaşlıq həm Azərbaycan, həm də Avropa İttifaqı üçün olduqca faydalıdır”.


Arzu Poladova

#qafqazın #cənubi #olduğunu #azərbaycan #"ai̇
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər