Aİ-dən kosmosda vahid bazar addımı
Avropa İttifaqı (Aİ) qlobal kosmik iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq və kosmik xidmətlər üçün vahid bazar yaratmaq məqsədilə yeni təşəbbüslə çıxış edib. İyunun sonunda Aİ Komissiyası tərəfindən təqdim olunan yeni "Space Act" (Kosmik Qanun) layihəsi mövcud milli qaydaları aradan qaldıraraq vahid və sadələşdirilmiş Avropa kosmik siyasəti qurmağa yönəlib.
Yeni qanun layihəsi Aİ səviyyəsində vahid buraxılış (launch) lisenziyası tətbiq etməyi, peyklərlə və digər "downstream" kosmik xidmətlərlə bağlı inzibati maneələri aradan qaldırmağı, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verməyi nəzərdə tutur. Brüssel bu addımla Avropanın hazırda yalnız 11% dövlət xərcləri və təxminən 1 milyard avro həcmində özəl investisiya ilə təmsil olunduğu qlobal kosmik iqtisadiyyatda payını artırmağı və ABŞ, Çin kimi güclü oyunçularla rəqabətə girməyi planlaşdırır.
Layihədə, həmçinin, orbitə buraxılan on minlərlə yeni peyk və kosmik tullantıların artması fonunda kibertəhlükəsizlik və radio-frekans müdafiəsinin gücləndirilməsi də yer alır.
Avropa Parlamentinin üzvü Kristof Qrudler bu təşəbbüsü alqışlayaraq bildirib ki, bu addım Avropanın SpaceX kimi buraxılış xidmətləri təminatçılarına rəqib olmaq və daha geniş kosmik ambisiyalar qurmaq niyyətini ortaya qoyur.
ANEWZ
Gülhüseynova Güllər