Aİ İordan çayının qərb sahilində “məskunlaşanların zorakılığı”nın dayandırılmasını tələb edib
Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti (EEAS), İsrailin işğalı altındakı İordan çayının qərb sahilində son günlərdə məskunlaşanların zorakılığı, hədə-qorxu, evlərin və əmlakın dağıdılmasında ciddi artım olduğunu bildirərək, buna son qoyulmasına çağırış edib.
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) tərəfindən verilən açıqlamada, İordan çayının qərb sahilində israillilərin həyata keçirdiyi torpaq qəsbinin beynəlxalq hüquqa görə qanunsuz olduğu və sülhün qarşısında maneə kimi dayandığı vurğulanıb.
Açıqlamada Ramallah şəhəri yaxınlığındakı Kefr Malik kəndində 3 fələstinlinin öldürülməsi də daxil olmaqla, son günlərdə məskunlaşanların zorakılığı, hədə-qorxu, ev və əmlakların dağıdılmasında ciddi artım yaşandığı qeyd olunub və buna son qoyulması çağırışı edilib.
İsrailin fələstinlilərə qarşı “məskunlaşanların zorakılığı”nı dayandırmaq və məsul şəxsləri cəzalandırmaq üçün konkret addımlar atmağa çağırıldığı açıqlamada, “mövcud gərgin vəziyyətdə bütün səylər gərginliyin azaldılmasına yönəlməlidir” ifadəsi işlədilib.
Fələstin torpaqlarını qəsb edən israillilərdən ibarət bir qrup, 25 iyun tarixində Ramallahın şərqindəki Kefr Malik qəsəbəsində fələstinlilərə hücum edib, evləri və nəqliyyat vasitələrini yandırıb. Hücuma qarşı çıxmağa çalışan fələstinlilərə atəş açan israilli hücumçular 3 fələstinlini öldürüb, 7 nəfəri isə yaralayıb.
Fələstin mənbələrinə görə, Qəzzada davam edən soyqırımı müharibəsi ilə paralel olaraq İsrail ordusu və məskunlaşanlar tərəfindən Şərqi Qüds və İordan çayının qərb sahilində həyata keçirilən hücumlar nəticəsində ən azı min fələstinli həyatını itirib, təxminən 7 min nəfər isə yaralanıb.
TRT XƏBƏR
Lalə Qurbanlı