Aİ Naxçıvan seqmentini regional konnektivlik üzrə prioritet elan edib
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, Vaşinqtonda paraflanan sülh sazişi regionda yeni siyasi və iqtisadi imkanlar yaradıb. Onun sözlərinə görə, Aİ, ABŞ, Azərbaycan və Ermənistan arasında aparılan müzakirələrin nəticəsi olaraq regional konnektivlik infrastrukturunun Naxçıvan seqmenti əsas prioritet seçilib.
Bu seqment Naxçıvanın Ermənistanla həm şimal, həm də cənub istiqamətində bağlantılarını əhatə edir və 42 km-lik TRIPP xəttinin effektiv birləşdirilməsinə xidmət edəcək. Aİ hazırda layihə üzrə mümkünlüyün öyrənilməsi, investisiya imkanlarının araşdırılması və beynəlxalq maliyyə qurumlarının prosesə cəlb edilməsi ilə məşğuldur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Avropa İttifaqı ümumilikdə Cənubi Qafqaz regionunda maraqlıdır və bu regionda möhkəmlənmək istəyir:
"Lakin bu, Rusiya və ya ABŞ kimi dominant təsir qurmaq məqsədi daşımır. Avropa İttifaqının da özünəməxsus maraqları var və bu maraqlar içərisində Naxçıvan xüsusi yer tutur. Bu da Zəngəzur dəhlizi kontekstində Naxçıvanın strateji əhəmiyyəti ilə bağlıdır. Avropa İttifaqı Naxçıvanı prioritet bölgə kimi qəbul etməklə Cənubi Qafqazda daha da möhkəmlənməyə çalışır. Əgər bu mümkün olarsa, bu, regionda güc balansına təsir edə bilər.
Digər tərəfdən, ABŞ ilə Avropa İttifaqı arasında Cənubi Qafqaz məsələsində dərin əməkdaşlıq olduğunu düşünmək real deyil. Əksinə, bu gün bu iki güc arasında ciddi rəqabət mövcuddur. Bu rəqabət xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində açıq şəkildə görünür və bu müharibə ABŞ-Avropa qarşıdurmasının dərinləşməsinə səbəb olub. Bu prosesin davamı isə bəzi fikirlərə görə, III Dünya Müharibəsinə doğru gedir.
Belə bir şəraitdə, ABŞ ilə Avropa İttifaqı arasında Cənubi Qafqazla bağlı yalnız situativ, qısamüddətli əməkdaşlıq mümkündür - maksimum 1-3-5 günlük anlaşmalar şəklində. Geniş mənada artıq "kollektiv Qərb" anlayışı sarsılıb və ABŞ ilə Avropa İttifaqı ayrı-ayrı siyasi xəttlərlə hərəkət edirlər. Eyni zamanda, ABŞ ilə Azərbaycan arasında etimad mühitinin güclənməsi müşahidə olunur. Bu, Azərbaycanın maraqlarına uyğun olaraq Cənubi Qafqazda yeni fürsətlər yarada bilər. Bu kontekstdə Naxçıvan məsələsi də mühim rol oynayır və gələcək proseslərə təsir göstərə bilər".
Aişə Mustafayeva
