Aİ və ABŞ-ın Xankəndiyə daşınan ərzaqla bağlı
Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi yükün Xankəndiyə keçidinin baş tutması bütün dünyada maraqla izlənildi. Hadisəyə beynəlxalq təşkilatların reaksiyası da gecikmədi. Avropa İttifaqı Şurası və Birləşmiş Ştatlar ərzaq yüklü avtomobilin Qarabağa göndərilməsini əhəmiyyətli addım adlandırıb.
Hər iki açıqlamada isə diqqətçəkən məqamlar var. Belə ki, bəyanatlarda Ağdam-Xankəndi marşrutunun adının çəkilməsi Azərbaycanın qələbəsi hesab olunsa da, Laçın yolunun açılmasına da xüsusi işarə olunur.
Avropa İttifaqı Şurası Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR-nın Ağdam rayonundan keçərək Xankəndiyə doğru hərəkət etməsi ilə bağlı bəyanat yayıb. Qurumun rəsmi səhifəsində paylaşılan sənəddə qeyd olunub ki, payız-qış mövsümü öncəsində Qarabağ ermənilərinə lazımi məhsulların verilməsini təmin etmək son dərəcə vacibdir. Bu səbəbdən də Avropa İttifaqı Şurası bütün tərəfləri həm Laçın, həm də Ağdam marşrutlarından istifadə imkanlarının təminində məsuliyyət və çeviklik nümayiş etdirməyə çağırıb. Bəyanatda həmçinin qeyd olunub ki, Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun işinin bərpasına töhfə verməlidir. ABŞ dövlət katibinin köməkçisi Yuri Kim də "X" hesabında bildirib ki, artıq həm Laçın, həm də Ağdam marşrutlarını açmaq vaxtı gəlib çatıb. Qərbdən gələn bu açıqlamaları 2 istiqamətdə şərh etmək olar. İlk növbədə, bəyanatlarda Ağdam-Xankəndi yolu ifadəsinin öz əksini tapması onu göstərir ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyimiz Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrilib. Çünki rəsmi Bakı sübut etdi ki, bura Azərbaycan ərazisidir və yolun haradan keçəcəyi barədə qərarı da o verir. Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı beynəlxalq səviyyədə aparılan təzyiqlər üzərində də qələbə kimi xarakterizə olunur.
Siyasi şərhçi Turan Rzayev bildirib ki, bunu diplomatik qələbə adlandırmağımızın bir digər səbəbi də şübhəsiz ki, Qərbin buna verdiyi reaksiyadır: “Artıq istər Avropa İttifaqı olsun, istər ABŞ rəsmiləri olsun. Məsələ ilə bağlı açıqlamalarında Laçın yolu ilə bərabər Ağdam yolunun da adını çəkirlər. Yəni Ağdam yoluna yüklər daşındı, Laçın yolu da açılmalıdır deyə bəyanatlar verirlər. Amma halbuki bundan bir həftə öncə heç ağ əməliyyatların verilmədiyini biz şahidi olurduq. Yəni artıq dünya ictimaiyyəti Ağdam yolunun da olduğunu bilir və bu yoldan daşınma ola biləcəyini qeyd edir”.
Bununla belə, hər 2 bəyanatda da Laçın yolu ifadəsinə rast gəlinir. Bu isə ona işarə edir ki, qərb, Ermənistan və Qarabağ separatçıları Ağdam-Xankəndi yolunun açılması qarşılığında Laçın yolunun da açılmasında israr edir. Əslində, Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi işlənib hazırlanıb. Amma nəzərə almaq lazımdır ki, ötən gün daşınan yüklə bu razılaşma arasında əlaqə yoxdur.
Siyasi şərhçi Oqtay Qasımov isə deyib ki, dünən aparılan yük ayrıca bir razılaşma əsasında həyata keçirilib: “O ki qaldı Ağdam, Xankəndi və Laçın Xankəndi yolunun işlək vəziyyətə gətirilməsi məsələsinə, burada əsas məsələ xunta rejimin üzərinə düşür. Yüklər Azərbaycan qanunlarına uyğun şəkildə sərhəd buraxılış və gömrük qaydalarına uyğun şəkildə fəaliyyət göstərməlidir”.
Siyasi şərhçi Əli Zülfüqaroğlu deyir ki, Laçın yolu isə yalnız Azərbaycan qanunlarına uyğun olaraq və Azərbaycanın nəzarəti altında gediş-gəliş mümkündür: “Qarabağ bu məsələ ilə bağlı ABŞ və Avropa İttifaqının, eyni zamanda Rusiyanın hər hansı bir müdaxilə imkanları və prosesi əngəlləmək imkanları yoxdur”.
Yekunda belə bir nəticə çıxır ki, Laçın yolunun açılması yalnız rəsmi Bakının iradəsi ilə bağlıdır. Çünki Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri daxilində istədiyini etmək haqqı var və bu istiqamətdə ölkəmizə təzyiqin edilməsi beynəlxalq hüququn prinsip və normalarına ziddir.
Jalə
