Almaniya stansiya və avtodayanacaqları sığınacağa çevirəcək
Almaniya Sivil Müdafiə və Fəlakət Yardımı İdarəsinin rəhbəri Ralf Tisler Avropada böyük bir müharibə riski ilə bağlı narahat olduqlarını bildirərək, bu səbəbdən tunelləri, metro stansiyalarını, yeraltı avtodayanacaqları və ictimai binaların zirzəmilərini sığınacaqlara çevirmək istədiklərini deyib.
Tisler Süddeutsche qəzetinə verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinə diqqət çəkərək belə deyib: “Uzun müddət Almaniyada müharibənin hazırlıqlarını etməli olduğumuz bir ssenari olmadığına dair geniş yayılmış inanc vardı. Bu dəyişdi. Avropada böyük bir müharibə riski ilə bağlı narahatıq”.
Çox yüksək qorunma tələbi olan yeni sığınacaqların çox pul və zaman tələb edəcəyinə işarə edən Tisler əlavə edib: “Daha sürətli həllə ehtiyacımız var. Buna görə tunelləri, metro stansiyalarını, yeraltı avtodayanacaqları və ictimai binaların zirzəmilərini sığınacaqlara çevirmək istəyirik. Beləliklə, bir milyon sığınacaq yeri yaradacağıq”.
Tisler mövcud sığınacaq şəbəkəsinin yetərsiz olduğunu, bu yay genişmiqyaslı plan təqdim edəcəklərini və sığınacaq şəbəkəsinin genişləndirilməsinin vacib olduğunu bildirərək deyib: “4 il ərzində mülki müdafiə tədbirləri üçün 10 milyard avroya, 10 illik müddət üçün isə 30 milyard avroya ehtiyac var”.
Qəzetdə verilən xəbərdə həmçinin ölkədə Soyuq Müharibə dövründən qalan 2000 sığınacaq və barınaqdan bu gün yalnız 580-nin mövcud olduğu, onların isə hamısının istifadə üçün yararlı olmadığı vurğulanıb.
Almaniyadakı sığınacaqlarda yalnız 480 min nəfərin yerləşə biləcəyi, bunun isə yalnız 0,5%-nin bu sığınacaqlarda qorunmasına imkan verdiyi qeyd olunub.
Xəbərdə Finlandiya nümunəsi göstərilərək, ölkədə 4,8 milyon nəfərə yer təmin edən 50 mindən çox sığınacağın olduğu bildirilib.
Bu isə müharibə dövründə Finlandiya əhalisinin təxminən 85%-nin təhlükəsiz yerə sığınıb qoruna biləcəyi deməkdir.
TRT XƏBƏR
Lalə Qurbanlı