Almaniyada dronlardan müdafiə bölməsi yaradılıb
Almaniyada Federal Polis Təşkilatının tərkibində yaradılan yeni dron müdafiə bölməsi fəaliyyətə başlayıb.
Brandenburg əyalətinin Ahrensfelde bölgəsində yeni dron müdafiə birliyinin xidmətə başlanması münasibətilə mərasim keçirilib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt mərasimdəki çıxışında bir neçə həftə əvvəl ölkədə dronların görünməsi halları yaşandığını bildirərək, dron müdafiə birliyinin hibrid təhdidlərə qarşı “sürətli, dəqiq və yüksək texnologiya ilə” cavab verəcəyini deyib.
Dobrindt, “Təhlükəsizliyimiz üçün mühüm bir mərhələyə imza atdıq”,- deyib.
Casusluq və sabotaj fəaliyyətləri ilə mübarizə aparılacağını vurğulayan Dobrindt, “Çünki dronların yarada biləcəyi hibrid təhdidlərin təhlükəsizliyimiz üçün risk olmasını qəbul edə bilmərik”,- ifadəsini işlədib.
Nazir dron müdafiə texnologiyasına bu il və gələn il üçün 100 milyon avro yatırım ediləcəyini bildirib.
Təxminən 130 polisin xidmət göstərəcəyi dron müdafiə birliyinin süni intellekt dəstəkli siqnalbozan sistemlərlə təchiz edildiyi qeyd olunub.
Bölmədə xidmət edəcək polis əməkdaşlarının hava limanlarında və ölkə üzrə təhlükəsizlik baxımından əhəmiyyətli nöqtələrdə yerləşdiriləcəyi bildirilib.
TRT XƏBƏR
Lalə Qurbanlı