00:00:00
Yazar
Ayan Sədi
13.07.2026 22:29 51 3 dəq oxuma
Dünya

Almaniyadan Ukraynaya 50 min PUA: Qərbin hərbi dəstəyi yeni mərhələdə

Almaniyadan Ukraynaya 50 min PUA: Qərbin hərbi dəstəyi yeni mərhələdə

Almaniya Ukraynaya 50 min zərbə tipli PUA-nın tədarükünü maliyyələşdirəcək. Bu, Qərbin Kiyevə ayırdığı ən böyük PUA sifarişlərindən biridir. Müqavilənin dəyəri 90 milyon avrodur. PUA-ların bir hissəsi artıq Ukraynaya çatdırılıb, qalanları isə bu il təhvil veriləcək.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Almaniyanın Ukraynaya 50 min zərbə tipli PUA-nın tədarükünü maliyyələşdirməsi Qərbin hərbi dəstəyinin davam etdiyini və müasir döyüş strategiyasında pilotsuz sistemlərin rolunun artdığını göstərir:

 

 “Almaniyanın Ukraynaya 50 min zərbə tipli PUA-nın tədarükünü maliyyələşdirməsi Rusiya-Ukrayna müharibəsində Qərbin hərbi dəstəyinin yeni mərhələyə keçdiyini göstərir. Belə ki, müharibənin ilk illərində əsas diqqət ağır silahlara, hava hücumundan müdafiə sistemlərinə və artilleriya vasitələrinə yönəlirdisə, hazırda PUA-lar müasir döyüş əməliyyatlarının əsas elementlərindən birinə çevrilib. Bu baxımdan Almaniyanın 90 milyon avroluq maliyyə paketi təkcə silah tədarükü deyil, həm də döyüş strategiyasının dəyişən reallıqlarına uyğunlaşmanın göstəricisidir. Düzdür, Ukraynanın özü də son dövrlərdə əsas PUA istehsalçılarından biridir və öz ehtiyacının böyük hissəsini təmin edə bilir. Amma buna baxmayaraq, Qərb dəstəyi ilə PUA yardımının davam etdirilməsi həm hərbi, həm də siyasi dəstəyin təmin olunması baxımından müsbət haldır".

 

Politoloq qeyd edib ki, 50 min PUA-nın tədarükü Ukraynanın taktiki və döyüş imkanlarını gücləndirsə də, bunun müharibənin ümumi gedişini qısa müddətdə köklü şəkildə dəyişəcəyi gözlənilmir:

 

 “Son iki ildə cəbhədə baş verən proseslər göstərir ki, pilotsuz uçuş aparatları kəşfiyyat, hədəflərin müəyyən edilməsi və yüksək dəqiqlikli zərbələrin endirilməsi baxımından klassik silah sistemlərini müəyyən qədər tamamlayır, bəzi hallarda isə onları əvəz edir. Xüsusilə zərbə tipli PUA-lar nisbətən aşağı qiymətə istehsal olunduqları halda tanklar, zirehli texnika və artilleriya sistemləri kimi daha bahalı hərbi vasitələrə ciddi ziyan vurmaq imkanına malikdir. Bu səbəbdən 50 min ədədlik tədarük say baxımından da diqqət çəkən göstəricidir və Ukraynanın döyüş qabiliyyətini daha da gücləndirə bilər. Xüsusilə də indiki mərhələdə, yəni Ukrayna Rusiyanın dərinliklərinə zərbələr vurmağa başladığı halda, bu kimi dəstək Ukraynanın imkanlarına əlavə güc qatır.

 

Bununla yanaşı, bu addımın müharibənin ümumi gedişini tamamilə dəyişəcəyini söyləmək çətindir. Hazırkı mərhələdə cəbhə xətti kifayət qədər uzun və dinamikdir. Hər iki tərəf həm hücum, həm də müdafiə məqsədilə geniş şəkildə PUA-lardan istifadə edir. Rusiya da öz növbəsində pilotsuz sistemlərin istehsalını artırır, radioelektron mübarizə vasitələrini təkmilləşdirir. Bu səbəbdən yeni tədarüklər Ukraynanın taktiki üstünlüklər əldə etməsinə xidmət edə bilər, lakin onların müharibənin taleyini qısa müddətdə kökündən dəyişdirəcəyi gözlənilmir.”

 

R.Bayramov vurğulayıb ki, Almaniyanın bu qərarı Ukraynaya uzunmüddətli hərbi dəstəyin davam etdiyini göstərməklə yanaşı, Avropada təhlükəsizlik və hərbi-texnoloji rəqabətin daha da gücləndiyini nümayiş etdirir:

 

 “Almaniyanın bu qərarının siyasi əhəmiyyəti də olduqca vacibdir. Berlin uzun müddət Ukraynaya ağır silahların verilməsi məsələsində ehtiyatlı mövqe tuturdu. Lakin son illərdə Almaniya Avropada Kiyevə ən böyük hərbi dəstək göstərən ölkələrdən birinə çevrilib. Yeni maliyyələşdirmə paketi də göstərir ki, Almaniya Ukraynanın döyüş qabiliyyətinin uzunmüddətli şəkildə saxlanılmasına yönələn strategiyanı davam etdirir. Bu, eyni zamanda digər Avropa dövlətlərinə də kollektiv təhlükəsizlik və müdafiə sahəsində fəallığın artırılması ilə bağlı siyasi mesaj kimi qiymətləndirilə bilər.

 

 Regional hərbi-siyasi balans baxımından isə bu qərar Avropada təhlükəsizlik mühitinin daha da militarizasiya olunduğunu göstərir. NATO ölkələri Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq və Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə hərbi texnologiyalara investisiyanı artırır. Rusiya isə bunu Qərbin münaqişəyə daha dərin şəkildə cəlb olunması kimi qiymətləndirərək cavab olaraq öz hərbi istehsalını və texnoloji imkanlarını daha da genişləndirməyə cəhd edir. Beləliklə, tərəflər arasında texnoloji rəqabət yeni mərhələyə keçir və PUA-lar bu rəqabətin əsas elementlərindən birinə çevrilir.

 

Ümumilikdə isə Almaniyanın 50 min zərbə tipli PUA-nın maliyyələşdirilməsi Ukraynanın taktiki imkanlarını artıran mühüm addım olmaqla yanaşı, həm də Qərbin Kiyevə uzunmüddətli dəstəyinin davam etdiyini nümayiş etdirir".

 

Aydan Əsgərxanlı

#baki #dəstəyi #almaniyadan #mərhələdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər