00:00:00
Yazar
Admin User
29.11.2025 11:29 298 2 dəq oxuma
Siyasət

Almaniyanın "gizli planı"

Almaniyanın "gizli planı"

Almaniya hakimiyyətinin iki ildən artıq müddətdə Rusiya ilə mümkün münaqişəyə hazırlıq məqsədilə gizli plan işlədiyi iddia olunur. The Wall Street Journal yazır ki, həmin plan çərçivəsində NATO-nun 800 min hərbçisinin Almaniya ərazisi vasitəsilə şərq istiqamətinə daşınması nəzərdə tutulub.

 

Mövzuya münasibət bildirən politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında qeyd edib ki, Avropada Rusiya ilə real hərbi qarşıdurma qorxusunun qabardılması ilk növbədə ölkələr daxilindəki siyasi-iqtisadi proseslərlə bağlıdır.

 

Politoloqun sözlərinə görə, sözügedən məlumatlar ilk baxışdan Almaniyanın Rusiyaya qarşı hərbi hazırlıq gördüyü təəssüratını yaratsa da, mövcud geosiyasi şərait daha balanslı qiymətləndirmə tələb edir:

 

“Almaniya NATO-nun əsas üzvlərindən biridir və alyansın şərq qanadının müdafiə strategiyasında xüsusi rol oynayır. Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik riskləri artdığı üçün Berlin mümkün ssenarilərə qarşı peşəkar hazırlıq görməyə məcburdur. Bununla yanaşı, belə planların mövcudluğu həm daxili auditoriyaya, həm də Rusiyaya mesaj xarakteri daşıyır. Almaniya NATO öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərir”.

 

Rəşad Bayramov əlavə edib ki, bu cür planların “gizli” kimi təqdim edilməsi əslində hərbi strukturların illərdir apardığı standart ssenari hazırlıqlarının bir hissəsidir. NATO-nun şərq qanadının qorunması, Baltikyanı ölkələr və Polşa ilə koordinasiya olunmuş müdafiə tədbirləri alyansın əsas strateji xəttini təşkil edir. Onun fikrincə, planın mətbuata sızdırılması Moskvanı hərbi riskləri yenidən dəyərləndirməyə vadar etmək məqsədi də güdə bilər.

 

Politoloq həmçinin Avropada siyasi gərginlik və iqtisadi çətinliklərin ictimai rəyi dəyişdirdiyini vurğulayıb:

 

“Son illərdə siyasi böhranlar və iqtisadi problemlər hökumətlərə olan etimadı zəiflədib. Ukraynaya göstərilən dəstəyin daxildə iqtisadi yük yaratdığına dair narazılıqlar artır. Bu səbəbdən bəzi hakimiyyətlər Rusiyanın təcavüzkar siyasətini qabardaraq təhlükə ritorikasından istifadə edir və ictimai rəyi öz xeyirlərinə yönləndirməyə çalışırlar”.

 

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Avropa İttifaqı ilə Rusiya arasında açıq hərbi qarşıdurma ehtimalı hazırda çox aşağıdır. NATO üzvü olan ölkələr daha çox siyasi təzyiq vasitələrinə üstünlük verir və müharibə riski yaratmaq niyyətində deyillər.

 

“Yekun olaraq, Almaniyanın ‘'gizli planı’'daha çox NATO öhdəliklərinə və regionda artan təhlükəsizlik risklərinə verilən cavab kimi qiymətləndirilməlidir. Bu addım Almaniyanın Rusiya ilə müharibəyə başlamaq niyyəti daşıdığı anlamına gəlmir”, - deyə politoloq bildirib.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər