Almaniyanın XİN başçısı: Tramp Putinə təzyiqi gücləndirməlidir
Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful ABŞ Prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdırmaq üçün Kremlin rəhbəri Vladimir Putinə təzyiqi artırmağa çağırıb.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Artıq “kollektiv Qərb” anlayışı, demək olar ki, real güc kimi mövcud deyil:
"Almaniyanın bu mövzuya yanaşması ümumiyyətlə anlaşılmaz görünür və olduqca qəribə səslənir. Çünki Almaniya həqiqətən də müharibənin dayandırılmasını istəyirsə, ilk növbədə öz avropalı müttəfiqlərini bu mövqedən yayındırmalıdır. Əgər Almaniya, Fransa, Böyük Britaniya və digər Avropa İttifaqına daxil olan ölkələr müharibənin sona çatmasını istəyirlərsə, onda Ukraynaya silah-sursat göndərməməlidirlər. Bir yandan sülh vədləri verilir, digər yandan isə köhnə silahlar toplanaraq Ukraynaya göndərilir. Ardınca da "Taurus" raketləri kimi yeni vədlər gündəmə gətirilir. Bu ilk növbədə Ukrayna prezidenti, daha doğrusu, artıq prezidentlik müddəti bitmiş Vladimir Zelenskini ruhlandırmaq üçündür. Ona göstərməyə çalışırlar ki, guya Avropa və Qərb onun arxasındadır və müharibə hər nə olursa olsun, dayandırılmayacaq. Ukraynanın demokratik resursları tükənmək üzrədir, strateji resursları isə minimum səviyyəyə enib. Əgər kənardan dəstək olmasa, Ukrayna məcburən sülh danışıqlarına getməli olacaq. Artıq ABŞ-də də Tramp tərəfdarları bu yardımların davam etdirilməsinin əleyhinə çıxır. Tamaşaya çevrilmiş bəyanatlar verilsə də, real vəziyyət göstərir ki, bu texnikalar bu müharibə üçün uyğunlaşdırılmayıb. Onlar çox ciddi strateji silahlardır, raketlərdir. Bu raketlərin istifadəyə verilməsi, döyüş meydanına gətirilməsi və orada atəş rejiminin təmin olunması böyük bir briqadanın koordinasiyalı işi tələb edir. Yəni bir raketin istifadəsi üçün belə ciddi hazırlıq prosesi və geniş heyət tələb olunur. Bu mərhələdə dərin hesablamalar aparılır, hədəf bölgələrində kəşfiyyat həyata keçirilir, obyektlərin dəqiq yerləşməsi müəyyənləşdirilir. Bütün bunlar olduqca mürəkkəb və peşəkar yanaşma tələb edən məsələlərdir. Bu işi yalnız peşəkar ordu birləşmələri həyata keçirə bilər. ABŞ bu qədər strateji əhəmiyyətli silahları Ukraynaya verməsi inandırıcı deyil. Baxmayaraq ki, Ukrayna israrla bildirir ki, döyüşməyə hazırıq, ancaq silah-sursatımız tükənib, kömək lazımdır. Başqa formada Almaniya özü də Putinlə birbaşa danışıqlara gedə bilər. Təsadüfi deyil ki, bu proseslərdə fərqli mövqe sərgiləyən Macarıstanın Baş naziri Viktor Orban Avropa liderlərinə müraciət edərək bildirib ki, böyük bir səhvə yol verirsiniz. Rusiya məsələsinin həllini okeanın o tayında axtarırsınız və ora getməyə can atırsınız".
Müsahib qeyd edib ki, məsələnin həlli üçün Vaşinqtona deyil, Moskvayla danışılmalıdır:
"Almaniya böyük, güclü və kifayət qədər potensiala malik bir dövlətdir, Avropanın birinci iqtisadiyyatını təmsil edir. Lakin görünən odur ki, Almaniya hazırda Moskvanı qıcıqlandıracaq mövqe sərgiləyir və bu, Rusiya ilə münasibətləri daha da gərginləşdirir. Əgər doğrudan da müharibənin dayanmasını istənilirsə, doğru ünvan seçməlidir. Moskvaya müraciət edilməlidir. Vaşinqtonu bu prosesdə vasitəçi kimi göstərmək doğru addım deyil. Tramp öz ölkəsinin maraqları çərçivəsində hərəkət edir və bu proseslərdən uzaq dayanmağa çalışır. O belə məsələlərdə iştirak etmək istəmir. Almaniyanın indiki rəhbərliyi isə bu məsələlərə ciddi yanaşmır. Xüsusilə də Friedrich Merz olduqca radikal mövqe sərgiləyən bir siyasətçidir. Onun komandası da eyni xətti davam etdirir və artıq əvvəlcədən yanlış mövqe tutublar. Merz hakimiyyətə gələndən sonra kansler Scholzun səhvlərindən dərs çıxarmalı, fərqli bir yanaşma tətbiq etməli idi. Bunu edə bilmədiyi üçün Berlin Amerikaya müraciət edir və deyir ki, Rusiyaya təzyiq göstərmək lazımdır. İndi bu kimi çağırış və xahişlərin Trampın mövqeyindən nə dərəcədə qəbul olunacağı bəlli deyil. Ukrayna–Rusiya münaqişəsi kontekstində məsələ ondadır ki, əgər müharibənin uzun müddət davam etməsini istənilirsə, bu, Ukraynanı daha dərin böhrana salır və ölkə özü üçün də problemli bir situasiya yaradır".
Eyni zamanda, müsahib bildirib ki, ABŞ prezidenti Trampın yanaşması çox qeyri-adidir və bir sıra suallar doğurur:
" O özünü sülhpərvər siyasətçi kimi təqdim etsə də, reallıqda onun yanaşmalarının sülhlə birbaşa əlaqəsi görünmür. Xüsusilə də İsraillə bağlı vəziyyət göstərir ki, olduqca təhlükəli bir siyasi meydan formalaşıb. Şarm əl-Şeyxdə təmtəraqlı sülh konfransı keçirilib və güya sülhə doğru birinci addım atılıb, bu o demək deyil ki, yaxın zamanda sülh əldə olunacaq. Bu hələ də müəmmalı məsələ olaraq qalır. Digər yandan, ABŞ eyni zamanda İranı təhdid edir və ultimatum verir ki, Əgər danışıqlara gedilirsə, müharibə olmayacaq. Əks halda vəziyyət dəyişəcək. Yəni bir tərəfdən sülhə iddialıdır, digər tərəfdən isə müharibə ilə hədələnilir. Bu, paradoksal və ziddiyyətli yanaşmadır İran Şarm əl-Şeyxdə keçirilən zirvəyə dəvət alıb. Əbdülfəttah əs-Sisi vasitəsilə rəsmi dəvət göndərilsə də, İran tədbirə qatılmayıb. Çünki İranın fikrincə, həmin tədbirdə iştirak edən ölkələr ona hücum edir, sanksiyalar tətbiq edir və təzyiq göstərməyə çalışırlar. İran bildirir ki, bu ölkələrlə heç bir məsələni müzakirə etməyəcək. Digər tərəfdən, bəlli olub ki, MAQATE-nin baş direktoru Rafael Qrossi İsrail və Qərb ölkələri ilə sıx əlaqədədir, onların maraqlarına xidmət edir. İddia olunur ki, İranda əldə etdiyi bütün məlumatları həmin dövlətlərlə paylaşır. Bütün bu gedişatlar bölgədə dolaşıq və gərgin vəziyyətin yarandığını göstərir. Əgər bir ölkəyə qarşı düşmən münasibəti sərgilənilirsə, onda formal, süni çağırışların da heç bir mənası yoxdur. ABŞ və Almaniya münasibətlərinə gəlincə, onlar ilk növbədə öz aralarındakı fikir ayrılıqlarını həll etməlidirlər. Artıq “kollektiv Qərb” anlayışı, demək olar ki, real güc kimi mövcud deyil. Bəzi məsələlərdə Vaşinqtonla3 Avropa ölkələrinin mövqeləri üst-üstə düşsə də, strateji və dərin məsələlərdə fikir ayrılıqları açıq görünür. Buna görə də vəziyyətdən çıxmaq üçün səlis və çevik diplomatiyaya ciddi ehtiyac var. Təəssüf ki, hazırda meydanda olan siyasətçilər bu keyfiyyətləri nümayiş etdirə bilmirlər".
Səmayə Səftərova