00:00:00
Yazar
Admin User
14.08.2025 17:37 143 3 dəq oxuma
Siyasət

Alyaska görüşü: Atəşkəs ümidləri

Alyaska görüşü: Atəşkəs ümidləri

Rusiya və ABŞ prezidentləri arasında görüş yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 23:30) Ankoricdə başlayacaq.Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.Onun sözlərinə görə, danışıqlar Alyaskadakı Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazasında baş tutacaq.Tərəflər əvvəlcə üzbəüz, sonra isə nümayəndə heyətləri ilə görüşəcək.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Alaska görüşünün Ukrayna savaşının dayandırılmasına nail olacağı o qədər də inandırıcı görünmür, çünki vəziyyət kifayət qədər qarışıq və qəlizdir:

 

"Rusiya elə şərtlər irəli sürür ki, həmin şərtlər qəbul olunsa, Ukrayna, ABŞ, eləcə də NATO üzvü olan Avropa ölkələri faktiki olaraq kapitulyasiya aktı imzalamalı olacaqlar. Kremlin şərtləri məhz bu məzmunu daşıyır. Qərb isə təbii ki, bu şərtləri qəbul etmək niyyətində deyil. Ona görə də Alyaska görüşünün müharibənin tamamilə dayandırılması ilə nəticələnməsi hələlik qətiyyən inandırıcı görünmür. Ancaq Tramp bu görüşdə Putini atəşkəsə məcbur edə bilər. Belə bir ehtimal mövcuddur, çünki Rusiya üçün ciddi problemlər yaranıb. Prezident Tramp görüş ərəfəsində bir neçə önəmli açıqlama verib. Həmin açıqlamalarda o, əslində Rusiyanı açıq şəkildə hədələyib. Bildirib ki, əgər Putinlə Alyaska görüşündə onu maraqlandıran suallara cavab ala bilməsə, Putinlə növbəti dəfə görüş olmayacaq. Bu da onu göstərir ki, Ağ Evin sahibi Tramp Putinlə kifayət qədər ciddi danışmaq niyyətindədir. Trampın hazırkı hədəfi ilk növbədə atəşkəsə nail olmaqdır. Atəşkəs əldə edildikdən sonra isə sülhün və yaxud da sülh sazişinin şərtləri üzərində müzakirələr başlaya bilər. Bu məsələdə Tramp ehtiyatlı mövqe tutmağa üstünlük verib. Əvvəlki mövqeyindən fərqli olaraq, bu dəfə daha pragmatik yanaşma sərgiləyib. O bildirib ki, əsas məqsədi atəşkəsə nail olmaqdır, ərazi məsələləri isə Rusiya və Ukrayna arasında müzakirə edilməlidir. Yəni, Donald Tramp Ukraynanın gələcəyi ilə bağlı məsuliyyəti üzərinə götürmək istəməyib ki, bu da tamamilə doğru yanaşmadır. Çünki beynəlxalq hüquq normalarına görə sərhədləri bəlli olan müstəqil bir dövlətin ərazilərinin Rusiya tərəfindən işğalı yolverilməzdir. Rusiya yalnız Ukraynanın işğal olunmuş ərazilərini öz ərazisi kimi qəbul etdirmək istəmir, eyni zamanda bütövlükdə Ukraynanı ələ keçirmək niyyəti güdür.Onun şərtləri sırasında Ukrayna ordusunun zəiflədilməsi, NATO-ya qəbul olunmaması və Ukraynada hakimiyyət dəyişikliyi kimi tələblər də yer alır".

 

Ekspert həmçinin bunu da bildirib ki, Rusiya Ukraynada özünə yaxın hakimiyyət formalaşdırmağa çalışır, halbuki indiki şəraitdə bu o qədər də inandırıcı görünmür:

 

"Bütün bunları nəzərə aldıqda demək olar ki, Alyaska görüşünün real nəticələr vermək ehtimalı aşağıdır. Ən yaxşı halda atəşkəs elan edilə bilər. Donald Tramp-ın Rusiyanı hədələməsi isə Kremlə ciddi mesajdır. O bəyan edib ki, əgər atəşkəs barədə anlaşma əldə olunmazsa, bu, Rusiya üçün ağır nəticələr doğuracaq. Bu da göstərir ki, Donald Trump əvvəlki təhdidlərində və xəbərdarlıqlarında qətiyyətli dayanır və onları reallaşdırmaq niyyətindədir. Yəni, əgər Alyaskada atəşkəs barədə qərar çıxmazsa, ABŞ Rusiyaya qarşı ağır, dağıdıcı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir. Bu sanksiyalar yalnız Rusiyanı deyil, onunla iqtisadi-ticarət əməkdaşlığı edən dövlətləri də hədəfə ala bilər. Bu isə Rusiyanın dünyadan təcrid olunması prosesini daha da dərinləşdirəcək. Digər tərəfdən, atəşkəs qərarı çıxmazsa, ABŞ artıq bəyan edib ki, Avropa Birliyinin maliyyəsi hesabına Ukraynaya ən müasir Amerika silahlarını göndərməyə hazırdır. Bütün bunlar göstərir ki, Rusiya həm geosiyasi, həm də hərbi-siyasi bir labirintə düşüb və buradan çıxış yolları o qədər də asan deyil. Əgər Tramp açıq şəkildə Rusiyanı hədələyirsə, deməli, Moskva ya atəşkəsə razılaşmalı, ya da ABŞ-nin atacağı radikal addımlara hazır olmalıdır. Hazırda Kremlin verəcəyi qərar Rusiyanın gələcək taleyi baxımından böyük əhəmiyyət daşıyır.Bu baxımdan demək olar ki, Putin üçün Alyaska görüşü olduqca çətin keçəcək və əgər atəşkəsə razılaşmasa, Rusiyanı ağır günlər gözləyir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər