00:00:00
Yazar
Admin User
05.11.2025 18:25 81 3 dəq oxuma
Siyasət

“Amerika cəmiyyəti artıq qorxu və nifrət üzərində qurulan siyasi sistemdən uzaqlaşmaq istəyir”

“Amerika cəmiyyəti artıq qorxu və nifrət üzərində qurulan siyasi sistemdən uzaqlaşmaq istəyir”

Nyu Yorkun yeni meri Zohran Mamdani seçkidən sonra etdiyi çıxışda Donald Trampın siyasətinə qarşı sərt mövqe nümayiş etdirib. O, “Amerika qorxu üzərində yox, birlik üzərində qurulmalıdır” sözləri ilə ölkə siyasətində yeni bir mərhələnin başlaya biləcəyini vurğulayıb. Məmdaninin bu çıxışı həm Nyu York ictimaiyyətində, həm də ABŞ siyasi dairələrində böyük rezonans yaradıb.

 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Məmdaninin qələbəsi və çıxışı ABŞ-də demokratların yüksəliş dalğasının davamı kimi qiymətləndirilə bilər:


“Məmdaninin Nyu York meri seçiləcəyi əslində bir çox siyasi müşahidəçilər əvvəlcədən proqnozlaşdırılırıb. Onun Demokrat Partiyasının namizədi olması və sosial bərabərlik, ədalət, miqrant hüquqları kimi məsələləri açıq müdafiə etməsi onu şəhər seçicilərinə daha yaxınlaşdırmışdı. ABŞ-də son illərdə Trampın ritorikasından bezən bir seçici təbəqəsi formalaşıb. Onlar üçün Məmdani kimi gənc, müsəlman və açıq fikirli siyasətçilər yeni nəsil siyasətin simvoludur. Bu seçki həm də göstərib ki, Amerika cəmiyyəti artıq qorxu və nifrət üzərində qurulan siyasi sistemdən uzaqlaşmaq istəyir. Trampın seçkilər ərəfəsində Məmdaniyə qarşı səsləndirdiyi sərt bəyanatlar və təhdidlər onun əleyhinə işləyib. Tramp açıq şəkildə bəyan edib ki, əgər seçicilər Məmdaniyə səs versələr, Nyu York şəhərinə federal büdcədən minimal maliyə ayrılacaq".

 

Həmçinin şərhçi qeyd edib ki, bu cür bəyanatlar ABŞ-də çox mənfi qarşılanır:

 

"Çünki orada seçki azadlığı və seçicinin iradəsinə hörmət demokratik sistemin təməlidir. Prezidentin bu prinsipi pozması cəmiyyətdə ciddi etirazla qarşılanıb. Əksinə, insanlar Trampın təzyiqlərinə qarşı çıxaraq Məmdaniyə dəstəyi daha da artırıblar. Bu, həm də Amerika seçicisinin ədalət duyğusunun göstəricisidir. Məmdaninin seçkilərdə qələbəsi yalnız Nyu York üçün deyil, ümumilikdə ABŞ siyasəti üçün mühüm dönüş nöqtəsidir. Bu hadisə göstərir ki, ABŞ-də artıq yeni bir siyasi nəsil formalaşır. Gənc, təhsilli, çoxmədəniyyətli və sosial ədalət yönümlü siyasətçilər cəmiyyətin dəstəyini qazanmağa başlayır. Məmdani bu prosesin ən parlaq simalarından biridir. Onun mer seçilməsi həm də Trampın siyasi xəttinə cavab xarakteri daşıyır. Çünki Trampın Prezidentliyi dövründə miqrantlar, müsəlmanlar və azlıqlar ciddi təzyiqlərlə üzləşib. İndi həmin qruplardan biri ölkənin ən mühüm şəhərlərindən birinə rəhbərlik edir. Bu, simvolik və tarixi bir hadisədir. Məmdaninin Trampa qarşı sərt ritorikası gələcəkdə federal və yerli hakimiyyətlər arasında münasibətlərə də təsir edə bilər. Nyu York kimi bir şəhərin meri ilə prezident arasında gərginlik ABŞ siyasətində heç də nadir hal deyil. Amma bu dəfə məsələ daha dərin sosial təbəqələrə toxunur. Trampın idarəetmə üslubu avtoritar elementlər daşıyır, Məmdani isə bu yanaşmaya qarşı açıq demokratik dəyərləri müdafiə edir. Bu qarşıdurma təkcə iki siyasətçi arasında deyil, iki ideologiya arasında mübarizədir biri cəmiyyətin qorxu və bölünmə üzərində, digəri isə bərabərlik və ümid üzərində qurulmasını istəyir. Bu baxımdan, qarşıdakı dövrdə Nyu York ilə Ağ Ev arasında münasibətlərin daha da gərginləşəcəyi istisna edilmir. ABŞ-də demokratlar bu qələbəni öz siyasi platformalarının uğuru kimi təqdim edəcəklər. Məmdaninin qalib gəlməsi, demokratların şəhər və ştat səviyyəsində güclənməsinin göstəricisidir. Respublikaçılar isə artıq urban seçiciləri itirməkdə davam edir. Trampın ritorikası daha çox qəsəbə və kiçik şəhərlərdə təsirli olur, amma böyük şəhərlərdə insanlar daha çox sosial sabitlik, müxtəliflik və ədalət istəyirlər. Nyu York seçkiləri bunu bir daha sübut edib. Demokratlar bu nəticəni gələcək Prezident seçkiləri üçün motivasiya kimi istifadə edəcəklər. Məmdaninin qələbəsi təkcə siyasi deyil, həm də simvolik hadisədir. Bir müsəlman siyasətçinin ABŞ-nin ən böyük şəhərinə rəhbər seçilməsi Qərb dünyasında çox ciddi mesaj daşıyır. Bu, həm dini, həm etnik, həm də ideoloji baxımdan dözümlülüyün artdığını göstərir. Əgər Məmdani öz vəzifəsində uğurlu olarsa, bu, gələcəkdə daha çox müxtəlif mənşəli siyasətçilərin önə çıxmasına səbəb ola bilər. Lakin eyni zamanda bu vəziyyət Tramp kimi siyasətçilərin ritorikasını da sərtləşdirəcək. ABŞ-nin yaxın illərdəki siyasi mənzərəsi bu iki qüvvənin qorxu və dəyişimin qarşıdurması üzərində formalaşacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər