Amsterdam 'turizm çirklənməsi' ilə mübarizə üçün hansı tədbirlər görür?
Hər il orta hesabla 20 milyondan çox turistin ziyarət etdiyi Hollandiyanın paytaxtı Amsterdam "turizm çirklənməsi" ilə mübarizə məqsədilə şəhərə gələn kruiz gəmilərinin və kanallara gələn turist qayıqlarının sayını iki dəfə azaldacaq.
Mərkəzi Dəmir Yolu Vağzalının yaxınlığındakı Kruiz Sərnişin Terminalında (PTA) ildə maksimum 100 gəmiyə yanaşmağa icazə veriləcək. Hazırda terminala gələn kruiz gəmilərinin illik sayı 190-a yaxındır.
Amsterdama yanaşmasına icazə verilməyən kruiz gəmiləri Rotterdama istiqamətləndiriləcək.
Qərar 2026-cı ildən həyata keçiriləcək.
Amsterdam Şəhər Şurası da plan çərçivəsində kanalları ziyarət edən turist qayıqlarının sayını iki dəfə azaltmaq qərarına gəlib.
Şəhər rəhbərliyinin bir müddət əvvəl qəbul etdiyi qərar çərçivəsində 2028-ci ildən etibarən Amsterdamda maksimum 1150 qayığın kanallara girməsinə icazə veriləcək.
Rəsmi rəqəmlərə görə, 2011-ci ildə 1327 olan kanalları ziyarət edən turist gəmilərinin sayı 2023-cü ildə 2125-ə yüksəlib.
Amsterdam Bələdiyyəsi heç bir məhdudiyyət qoyulmayacağı təqdirdə bu sayın artmağa davam edəcəyini bildirərək turist qayıqlarının sayını azaltmaq qərarına gəlib.
Bundan əlavə, bu qayıqların yalnız ətraf mühiti çirkləndirməyən dayanıqlı nəqliyyat vasitələrindən ibarət olması nəzərdə tutulurdu.
Kanalları ziyarət edən turist qayıqları ildə təxminən 542 min sərnişin daşıyır. Yeni tədbirlə əlaqədar olaraq şəhərə qayıqlarla 271 min daha az insan gələcək.
Kruiz gəmilərinin sayının azalması nəticəsində Amsterdama gələn turistlərin sayının nə qədər azalacağı ilə bağlı məlumat açıqlanmayıb.
Bildirilir ki, yeni tədbirlər nəticəsində muzeylər, qida və içki sənayesi və digər biznesmenlər müəyyən miqdarda gəlir itkisi yaşayacaqlar.
Mənbə: BBC turk
