Ana quzusu olmaq: pis xüsusiyyət, yoxsa üstünlük?
Günümüzdə “Ana quzusu” ifadəsinin əsaslı çağırışlar yaratmadığı aşkar bir məsələdir. Gözünüzün önünə dərhal anasının sözündən çıxmayan, hər işini onunla məsləhətləşən, həyatındakı bütün qadınları anasından sonra ikinci plana atan bir kişi gətirməyin. “Ana quzusu” olmaq heç də həmişə belə demək deyil. Əksinə, bəzən belə kişilərə bir az daha yaxından baxmaq lazımdır. Çünki onlardan qaçmaq üçün deyil, yaxın durmaq üçün kifayət qədər əsaslı səbəblər var.
Belə ki, "ana quzusu" kişilər hisslərini gizlətməkdə o qədər də mahir olmurlar. Çünki sevgini göstərməyi, sevgini ifadə etməyi kiçik yaşlarından görüblər. “Səni sevirəm” demək, qucaqlamaq, qayğı göstərmək onlar üçün çətin və ya utandırıcı bir şey deyil. Əksinə, bunları həyatın təbii bir hissəsi hesab edirlər. Axı kim sevilmək və sevildiyini bilmək istəməz ki? Bir qadının sözləri "ana quzusu" kişi üçün adətən, çox qiymətlidir. Danışdığınız zaman boşuna danışmadığınızı bilmək, qarşınızdakı insanın sizi dinlədiyini və fikirlərinizə dəyər verdiyini görmək pis bir hal deyil. Birlikdə qərar vermək, müzakirə etmək, fikir ayrılıqları yaşamaq və sonda sizin fikrinizin də nəzərə alındığını hiss etmək... Bunların hamısı xəyal deyil. Sadəcə qarşınızda ana quzusu bir kişi olmalıdır.
Yaxşı ata olmağın nə demək olduğunu da bəlkə elə ana quzusu bir kişidən daha yaxşı anlayan yoxdur. Anasına və ailəsinə bağlı olan, ailə münasibətlərinin dəyərini bilən bir kişi övladın həyatında atanın nə qədər böyük yer tutduğunu daha yaxşı anlayır. Övlad sahibi olmaqdan qorxmamaq, uşaqlarınızın sevgi dolu və qayğıkeş bir atanın yanında böyüyəcəyini düşünmək insanı rahatladan ən gözəl hisslərdən biridir.
"Ana quzusu" kişi qadını itaətkar biri kimi deyil, güclü bir şəxsiyyət kimi görür. Anasına dəyər verən, onu həyatında xüsusi yerdə tutan bir kişinin qarşısındakı qadından yalnız itaət gözləməsi nə qədər məntiqli ola bilər ki? Onun gözündə qadın güclüdür. Hətta siz bəzən öz gücünüzə inanmasanız belə "ana quzusu" kişi sizə verdiyi güvənlə sizi daha da gücləndirə bilər. "Ana quzusu" kişi qadınların yanında özünü yad hiss edən biri deyil. Çünki sizə qədər həyatında ən çox vaxt keçirdiyi insanlardan biri anası olub. Ona görə də qadınlarla ünsiyyət qurmaq, onların düşüncə tərzini anlamağa çalışmaq, qayğılarına və narahatlıqlarına qulaq asmaq onun üçün o qədər də yad deyil. Sizin yanınızda süni davranmağa, özünü başqa biri kimi göstərməyə ehtiyac duymayacaq. Əksinə, ən çox sizin yanınızda özü olacaq. Ana olmağın çətinliklərini də "ana quzusu" kişidən daha yaxşı anlayan demək olar ki, barmaqla sayılası qədərdir. Anasının həyatını yaxından müşahidə edən, onun yorğunluğunu, qayğılarını və gündəlik mübarizəsini görən bir kişi ana olmağın sadəcə uşaq böyütməkdən ibarət olmadığını da bilir. Söhbət təkcə ana olmaqdan da getmir. "Ana quzusu" kişi qadın olmağın nə demək olduğunu da müəyyən qədər daha yaxşı anlayır. Çünki həyatında bir qadının varlığını və onun rolunu heç vaxt kiçik görməyib. Pis dostlar, pis vərdişlər məsələsinə gəlincə "ana quzusu" kişinin bu mövzuda da şansı bir az çoxdur. Çünki böyüyərkən onu daim izləyən, maraqlanan, harada olduğunu bilmək istəyən, dərdi olanda həll etməyə çalışan bir anası olub. İndi deyəcəksiniz ki, “bəs, onun azadlığı?” Bu sualı verənlərin ana quzusu bir kişi ilə birlikdə olmadığını buradan necə də rahat anlamaq olur.
"Ana quzusu" kişi sizinlə vaxt keçirmək üçün də can atacaq. Boş vaxtı olan kimi dostlarının, küçələrin və ya başqa məşğuliyyətlərin arxasına sığınmaq əvəzinə sizinlə vaxt keçirməkdən daha çox zövq ala bilər. Birlikdə gəzmək, söhbət etmək, gülmək, heç nə etmədən sadəcə eyni məkanda olmaq və s. Sonda qorxulu hesab edilən o vəziyyətə bir nəzər salaq. Belə ki, "ana quzusu" kişilərlə bağlı beynimizə belə bir şey yeridilib: guya "ana quzusu" kişi ilə birlikdə olarkən mütləq onun anası ilə də mübarizə aparmaq lazımdır. Halbuki real həyatda hər şey seriallarda və filmlərdə göstərildiyi kimi deyil. "Ana quzusu" kişi üçün həyatındakı ən sevdiyi iki qadının bir-birinə düşmən olması qədər pis bir şey nə ola bilər ki? Əksinə, onların yaxşı münasibətdə olması üçün daim əlindən gələni etməyə çalışacaq. İndi deyəcəksiniz ki, “yaxşı, oğlan məni çox sevə bilər. Bəs, anası? Oğluna həddindən artıq bağlıdırsa, məni qəbul etməsə necə olacaq?" Unutmaq lazım deyil ki, oğlunu həqiqətən, sevən bir qadın niyə onun xoşbəxt olmaması üçün çalışsın? Həyat yalnız parodiyalardan, filmlərdən və seriallardan ibarət deyil. “Ana quzusu” kişiləri və onların analarını bir az da real həyatda tanımağa çalışın. Odur ki, məndən demək: “ana quzusu” kişilərdən qorxmayın. Bəlkə də axtardığınız adam elə onlardan biridir.
Ürfət Mirzəyev