Analitik: ABŞ Azərbaycanla münasibətləri korlamaq istəməyəcək
Aprelin 3-nə keçən gecə qlobal ticarət tarixində çox mühüm hadisə ilə yadda qalacaq. ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal edilən mallara 10 %-lik gömrük rüsumu tətbiq edilməsi, həmçinin ticarət balansında ciddi asimmetriya olan dövlətlər üçün bu tariflərin 17 %-dən 49 %-ə qədər artırılması barədə sərəncam imzalayıb. Yeni qaydalara əsasən, 10 %-lik idxal rüsumu aprelin 5-dən, daha yüksək tariflər isə aprelin 9-dan qüvvəyə minəcək. Azərbaycan bundan sonra ABŞ-a satacağı mallara görə, 10 faizlik gömrük rüsumu ödəyəcək.
Bu rüsumun Azərbaycan ABŞ münasibətlərinə necə təsir edəcəyi barədə "İnformator.az"a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün ABŞ-ın xarici siyasətində müxtəlif dövlətlərə qarşı iqtisadi rüsum məsələsi ön planda dayanır, iqtisadi rüsumlar tətbiq edir və bu zaman differensial yanaşma tətbiq olunur:
"Yəni fərqli dövlətə rüsum fərqli səviyyədədir. Azərbaycana gələndə, bunun Azərbaycanla münasibətlərə ciddi təsir edəcəyini düşünmürəm. Hər halda ABŞ hakimiyyəti Azərbaycanın Cənubi Qafqazdakı rolunu anlayır və başa düşür və nəzərə alsaq ki, ABŞ prezidenti Donald Tramp biznesmen təfəkkürlü siyasətçidir. Deməli, Cənubi Qafqazdakı iqtisadi dividentlər, o cümlədən perspektivdə orta dəhlizi, Zəngəzur dəhlizi ilə bağlı iqtisadi dividentlər ABŞ da maraqlandırır. Deməli, ABŞ bu iqtisadi layihələrdən divident götürmək üçün nə etməlidir, Cənubi Qafqazın əsas oyunçusu olan Azərbaycanla münasibətləri nəinki qoruyub saxlamalı və inkişaf etdirməlidir. Bu baxımdan düşünürəm ki, münasibətlərimizdə kəskin dönüş yaransın, yəni pisləşmə yaransın. İkinci bir tərəfdən, ABŞ, Rusiya Azərbaycan münasibətlərini nəzərə alır, alacaq. Çünki ABŞ, Rusiya münasibətləri yavaş-yavaş normallaşır və Rusiya Azərbaycan münasibətləri də kifayət qədər yaxşıdır. Belə olan halda Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır".
Şərhçi vurğulayıb ki, əgər Vaşinqton Moskva ilə münasibətləri normallaşdırmaq istəyirsə, Bakıya sərt siyasət tətbiq etməz və öz sələfi Cozef Baydenin səhvlərini təkrarlamaz:
"Tramp administrasiyası Azərbaycan Türkiyə münasibətlərini nəzərə alacaq. Çünki Türkiyə, ABŞ hər ikisi NATO müttəfiqidir və Türkiyənin Azərbaycanda strateji müttəfiqdir. Bu baxımdan ABŞ özünün NATO-dakı müttəfiqinin müttəfiqinə qarşı radikal addımlar atmaz. Bundan savayı, ABŞ-ın Cənubi Qafqaz siyasətinin tətbiqi üçün Azərbaycana ehtiyacı var. Rusiya Ukrayna müharibəsində Tramp bilirik ki, müharibəni bitirməkdə iddialıdır və Azərbaycan tərəfdarları arasında balanslı siyasəti yaradan nadir aktorlardandı. Belə bir vaxtda ABŞ-ın Azərbaycana ehtiyacı var və olacaq. Bütün bunları nəzərə alsaq, təbii ki, ABŞ Azərbaycanla münasibətləri korlamaq istəməyəcək".
Gülnar Qədirova