Aprel döyüşləri – qələbəyə aparan cığır
Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılan, xalqımızın sarsılmaz iradəsini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirən şanlı səhifələrdən biri də Aprel döyüşləridir. 2016-cı ilin aprelində baş verən bu hadisələrdən artıq 10 il keçir. Lakin o günlərin qüruru və milli ruhu sonradan qazandığımız böyük qələbənin ideoloji əsasını təşkil edib. Bu gün həmin hadisələr Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixiləşmişdir.
Azərbaycan Televiziya və Radio VerilişləriQSC-nin əməkdaşı, Bakı Dövlət Universitetinin Politologiya kafedrasının müəllimi Ceyhun Parlanov bildirib ki, bu gün həmin hadisələr Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixiləşib:
“Bu hadisələr ordumuzun həm döyüş qabiliyyətinə, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu bir daha nümayiş etdirib. Qazanılan buqələbə Azərbaycan Ordusunda torpaqlarımızın işğaldan azad ediləcəyinə dair real inam formalaşdırıb. Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub və ordumuz üçün ciddi sınaq rolunu oynayıb. Çünki bu döyüşlər Azərbaycanın gələcək müharibəyə hərbi-taktiki hazırlıq mərhələsi idi.
Ölkəmizin gələcək müharibədə uğurlu taktika seçməsi baxımından bu döyüşlər həm təlim xarakteri daşıyır, həmdə real döyüş şəraitində üzə çıxa biləcək çatışmazlıqları aradan qaldırılmasına imkan yaradıb. Dörd gün davam edən bu döyüşlər Qarabağ münaqişəsinin tezliklə həll olunacağına, torpaqlarımızın işğaldan azad edilərək öz əzəli və əbədi sahibinə qovuşacağına olan inamı daha da gücləndirib.
Aprel döyüşləri bölgədəki hərbi-siyasi vəziyyətə cidditəsir göstərib. Bu döyüşlər 1994-cü ilin may ayında əldə olunan atəşkəsdən sonra ən çox şəhid verdiyimiz döyüşlərdən biri olmaqla yanaşı, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə ən böyük toqquşma kimi tarixə düşüb. Döyüşlər zamanı həyata keçirilən sürətli əks-hücum əməliyyatları nəticəsində düşmənə ağır zərbə vurulub. Nəticədə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan ərazilərinin 2000 hektardan artıq hissəsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı qəsəbəsi, Goranboy rayonunun Gülüstan kəndi, eləcə dəTərtər rayonunun Madagiz istiqamətində bəzi mövqelərdüşməndən azad edilib.
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını bütün dünyaya göstərib. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən bu döyüşlər Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun qüdrətini və Vətən övladlarının misilsizşücaətini bir daha sübut edib. Lələ təpədə dalğalanan üçrəngli bayrağımız illərlə qəlblərdə yaşayan qələbə arzusunu real inama çevirib. Bu mənəvi yüksəliş xalqın birliyini daha da möhkəmləndirib. Aprel döyüşləri faktiki olaraq sonrakı böyük zəfərin başlanğıc nöqtəsi olub. Bu döyüşlərdə əldə olunan təcrübə, düşmənin zəif tərəflərinin öyrənilməsi və ordumuzun döyüş hazırlığının yoxlanılması sonrakı uğurlar üçün möhkəm zəmin yaradıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, tarixi ədalət təmin edilin və möhtəşəm qələbə əldə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli vəprinsipial mövqeyi həm diplomatik, həm də hərbi sahədə əldə olunan uğurlarımızı şərtləndirib. Döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alınıb, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tam bərpa edilib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Eyni zamanda azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.
Bu gün geriyə nəzər saldıqda, Vətən müharibəsində qazandığımız zəfərin təməlində məhz 2016-cı ilin Apreldöyüşlərinin dayandığını aydın görürük. 2 aprel 2016-cı il tarixi II Qarabağ zəfərinin başlanğıc nöqtəsi kimi qəbul edilə bilər”.