Argentina Ukraynaya hərbi dəstək göndərməyi düşünür
Argentina hökuməti Ukraynaya qoşun göndərmə imkanını qiymətləndirir. Bu qərar həm ölkənin beynəlxalq siyasətdəki mövqeyinə, həm də daxili siyasi müzakirələrə ciddi təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Argentina hökumətinin Ukraynaya qoşun göndərmə məsələsini müzakirə etməsi ölkənin həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərinə müsbət təsir edəcək:
“Ukrayna-Rusiya müharibəsinin dayandırılması və əsgərə ehtiyac yaranması kimi mexanizmlər həll olunandan sonra qoşunların göndərilməsi məsələsi gündəmə gələcək. Hələlik isə Rusiyanın intensiv bombardmanları və NATO-nun şərq sərhədlərinə olan təhdidləri fonunda bu qərar o qədər də ciddi görünmür. Buna baxmayaraq, Argentina kimi bir ölkənin Ukraynaya yardım etməyə hazır olduğunu bəyan etməsi, onu ABŞ və Avropa İttifaqı ilə eyni cərgədə göstərir və bu ölkənin beynəlxalq mövqeyini gücləndirir. Bu həm də Argentinanın regiondakı nüfuzunu artırır və beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir. Eyni zamanda bu addım Argentinanın Rusiya ilə münasibətlərinə mənfi təsir göstərəcək. Ukraynaya dəstək verən hər bir ölkə Rusiyanın nəzərində düşmən kimi qiymətləndirilir və bu münasibətlərin pisləşməsi qaçılmazdır. Bu isə ticarət, diplomatik əlaqələr və bəzi beynəlxalq layihələrdə qarşılıqlı etimadı zəiflədə bilər. Siyasi balans baxımından, bu qərarın qlobal güc balansını əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmürəm. Lakin Amerika qitəsində Ukraynaya dəstək verən ölkələrin sayının artması Rusiyanın mövqelərini zəiflədəcək. Argentinanın bu mövqeyi yalnız ölkənin beynəlxalq münasibətlərini gücləndirmir, həm də Amerika qitəsində Ukraynaya dəstək verənlərin sayını artıraraq Rusiyanın geosiyasi mövqelərinə təsir göstərir. Beləliklə, Argentina hökumətinin bu addımı həm strateji, həm diplomatik, həm də geosiyasi baxımdan önəmlidir və ölkənin gələcək beynəlxalq siyasətində əsaslı rol oynaya bilər”.
Ayşə Müzəfərli