Asayişin keşiyində dayanan qüvvə - Daxili Qoşunlar Günü
Bu gün Azərbaycanda “Daxili Qoşunlar Günü” kimi qeyd olunur. 1992-ci ilin martın 12-də Azərbaycan Respublikasının Daxili Qoşunları yaradılıb. Həmin gün ölkədə Daxili Qoşunların yaranma günü kimi tarixə düşüb. Hər il bu tarix qurumun hərbi qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sisteminə daxil olan Daxili Qoşunlar ölkədə ictimai asayişin qorunması, mühüm dövlət obyektlərinin mühafizəsi, xüsusi əməliyyatların həyata keçirilməsi və fövqəladə hallarda təhlükəsizliyin təmin olunması kimi vacib vəzifələri yerinə yetirir. Ölkənin təhlükəsizlik sistemində mühüm yer tutan Daxili Qoşunların şəxsi heyəti yüksək peşəkarlıq və məsuliyyətlə xidmət edərək dövlətin sabitliyinin qorunmasına töhfə verir. Bu qurumun hərbi qulluqçuları müxtəlif əməliyyatlarda və xüsusi tapşırıqların icrasında fəal iştirak ediblər.
Son illərdə Daxili Qoşunların maddi-texniki bazası gücləndirilib, şəxsi heyətin döyüş hazırlığının və peşə səviyyəsinin artırılması istiqamətində mühüm addımlar atılıb. Bu da qurumun fəaliyyətinin daha səmərəli təşkil olunmasına imkan yaradır.
“İnformator.az” Daxili Qoşunların leytenantı Orxan Abbasovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, Daxili Qoşunların zabit, gizir, əsgər və müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçularının qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında Daxili Qoşunların çox böyük rolu var. Daxili Qoşunların vəzifələrindən biri də ölkə daxilində hər hansı təhlükənin qarşısının alınması və ictimai asayişin qorunmasıdır. Daxili Qoşunların hərbi qulluqçuları ölkədə sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək dövlətə və xalqa sədaqətlə xidmət edirlər”,- deyə o qeyd edib.
Nuray Əliyeva