00:00:00
Yazar
Admin User
01.12.2025 18:08 247 3 dəq oxuma
Siyasət

ATƏT Minsk prosesinin bağlanması

ATƏT Minsk prosesinin bağlanması

ATƏT Minsk prosesinin və ona bağlı strukturların bağlanmasını rəsmən tamamlayıb.

Təşkilatın açıqlamasına görə, bu qərar Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında qəbul olunmuş MC.DEC/1/25 sənədinə uyğun şəkildə həyata keçirilib. Proses 2025-ci il noyabrın 30-da, saat 23:59-da tam olaraq yekunlaşıb.

 

Bu addım, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi bəyannamə ilə bağlı razılaşmanın həyata keçirilməsi hesab olunur.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, səmərəli nəticələr ortaya qoyula bilmədi:

 

“ATƏT-in Minsk prosesi və ona bağlı strukturların bağlanması Cənubi Qafqazda uzun illər davam etmiş münaqişə dövrünün institusional olaraq başa çatdığını göstərir. Bu qərar formal olaraq 2023-cü ildən sonra yaranmış yeni regional reallıqların qəbul edilməsi və 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan razılaşmaların beynəlxalq müstəvidə təsdiqi kimi qiymətləndirilə bilər. Məlumdur ki, Minsk Qrupu 1992-ci ilin mart ayında münaqişənin aradan qaldırılması üçün yaradıldı. Lakin uzun illər ərzində işğal olunmuş torpaqların qaytarılması və ərazi bütövlüyünün bərpası istiqamətində hər hansı səmərəli nəticələri ortaya qoya bilmədi. Həmsədrlik statusunda olan ABŞ, Rusiya və Fransa faktiki olaraq qurumun fəaliyyətini monopoliyaya alaraq digər üzv dövlətlərin təsir imkanlarını məhdudlaşdırmış, bu isə qrupun neytrallığını və vasitəçilik potensialını zəiflətdirmişdir.

 

Minsk prosesinin bağlanması Azərbaycan üçün həm hüquqi, həm də diplomatik qələbə hesab olunur. Bu addım Azərbaycan–Ermənistan münasibətlərində yeni siyasi mühit yaradır. Artıq danışıqlar köhnə status-kvonun qorunmasına deyil, konkret nəticələrə – sərhədlərin delimitasiyası, bölgədə kommunikasiya xətlərinin açılması, təhlükəsizlik mexanizmlərinin formalaşdırılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə yönəlir. Digər tərəfdən isə bu qərar regiondakı siyasi aktorlar üçün də yeni reallıqlar yaradacaq.

 

ABŞ, Rusiya və Avropa İttifaqı üçün Minsk prosesinin bağlanması onların regional təsir imkanlarının yenidən nəzərdən keçirilməsini tələb edir. Həmsədrlik statusu faktiki olaraq artıq mövcud deyil və böyük güclərin geosiyasi maraqlarını həyata keçirmək strategiyası dəyişməlidir. ABŞ və Avropa İttifaqı diplomatik resurslarını və təsir kanallarını digər formatlarda yenidən cəmləşdirməli olacaq, Rusiya isə regiondakı öz mövqeyini qorumaq üçün daha çevik yanaşmalar tətbiq etməyə məcbur olacaq. Bu isə geosiyasi balansın yenidən formalaşmasına, Azərbaycan və Ermənistan arasında sülh prosesinə daha çevik və real perspektivlərin daxil edilməsinə yol açır.

 

Azərbaycan və Ermənistan arasında gələcək razılaşmalar üçün də bu addım yeni imkanlar yaradır. Hər hansı bir üçüncü tərəfin iştirakı olmadan aparılan birbaşa danışıqların daha səmərəli olacağına şübhə yoxdur. Biz bunu indiyə qədər ikitərəfli formatda əldə edilən razılaşmalar zamanı da görmüşük. İkitərəfli danışıqlar isə sülhün daha dayanıqlı mexanizmlərlə təmin olunmasına şərait yaradır.

 

Nəticə etibarilə, Minsk prosesinin bağlanması təkcə Azərbaycanın bu istiqamətdəki diplomatik təşəbbüsün yekunu deyil. Bu, həm də regionda siyasi dinamikanın dəyişdiyini göstərir, böyük güclərin geosiyasi strategiyalarına təsir edir və Azərbaycan–Ermənistan münasibətlərində yeni, praktik sülh mexanizmlərinin formalaşmasına şərait yaradır. Azərbaycanın hüquqi və diplomatik qələbəsi regionda sülh və sabitliyin təmin olunmasında əsas dayaqların birinə çevrilə bilər".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər