ATƏT Minsk prosesinin bağlanması tam başa çatıb
ATƏT Minsk prosesini və əlaqədar strukturların fəaliyyətini tam dayandırıb. Qərar Azərbaycan və Ermənistanın 1 sentyabr müraciətinə əsasən 30 noyabr saat 23:59-da qüvvəyə minib.
ATƏT bildirir ki, prosedurların tamamlanması prosesin qəti bağlanması deməkdir və bu, Trampın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış bəyannaməni 57 ölkənin təsdiqləməsidir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, prinsipcə, Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının siyasi nəticəsi azdır:
“ATƏT-in Minsk Qrupu dekabrın 1-də fəaliyyətini dayandıracaq. Bu, faktiki olaraq həm Azərbaycanın mühüm tələblərindən birinin yerinə yetirilməsi, həm də keçmiş Dağlıq Qarabağ münaqişəsinin sonuncu simvolunun aradan qalxması deməkdir.
Prinsipcə, Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının siyasi nəticəsi azdır. Çünki bu qurum uzun illər mövcud olsa da, ortaya ciddi nəticələr qoya bilməyib. Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair konkret addımlar, sərt qərarlar və ya tərəfləri razılığa gətirəcək təsirli vasitəçilik göstərməyə nail olmayıb. Nəticədə münaqişə müharibə mərhələsinə keçib.
Bu təşəbbüs müharibədən sonra da fəaliyyətsizliyə ilə seçilib. Lakin yeni tendensiya həm də tərəflərin təşkilata ehtiyac görməməsi idi".
Həmçinin politoloq açıqlamasında bildirib ki,yeni tendensiyada tərəflər təşkilata ehtiyac duymur:
“Artıq iki ölkənin liderləri qatıldıqları əksər müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlir, səmimi və konkret müzakirələr aparırlar.
Vaşinqton görüşündə faktiki olaraq sülh sazişi paraflandı. Bu isə göstərir ki, proses artıq tərəflərin birbaşa iradəsi və diplomatik addımları ilə irəliləyir.
Minsk Qrupunun dekabrın 1-də fəaliyyətini dayandırması sülh prossesində əhəmiyyətli dəyişiklik yaratmır. Yəni qrupun bağlanması hazırda sadəcə formal bir addımdır. Əsas məsələ Azərbaycan və Ermənistanın birbaşa dialoqu, qarşılıqlı səfərlər və səmimi danışıqların olmasıdır. Prosesin həlledici mərhələsi olaraq 2026-cı ildə sülh sazişinin imzalanması mümkündür”.
Eslanda Kulieva
