00:00:00
Yazar
Ayşən Səlimova
27.02.2026 20:27 14 2 dəq oxuma
Dünya Özəl

Avropa Birliyi Belarusa qarşı sanksiyaların müddətini uzadıb- münasibətlərdə gərginlik dərinləşir

Avropa Birliyi Belarusa qarşı sanksiyaların müddətini uzadıb- münasibətlərdə gərginlik dərinləşir

Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi sanksiyaların müddətini yenidən uzatması rəsmi Minskə qarşı siyasi təzyiq mexanizmlərinin davam etdirildiyini göstərir. Qərar Şərqi Avropada geosiyasi proseslər və təhlükəsizlik balansı baxımından da diqqət çəkir.

 

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, sanksiyaların uzadılması Belarus-Aİ münasibətlərində gərginliyin daha da artmasına səbəb olacaq:

 

“Avropa İttifaqının bütün üzvlərinin eyni qərarı dəstəkləməsi Minskə açıq mesajdır. Bu onu göstərir ki, Brüssel Belarusun mövcud siyasi kursunu qəbul etmir və təzyiq mexanizmlərini davam etdirmək niyyətindədir. Bu isə münasibətlərin yaxın perspektivdə normallaşacağı ehtimalını zəiflədir və tərəflər arasında siyasi məsafəni daha da artırır. Bu qərar Belarusun xarici siyasət istiqamətinə birbaşa təsir göstərir. Sanksiyalar davam etdikcə Belarus alternativ tərəfdaşlara yönəlməyə məcbur qalır. İlk növbədə Rusiya ilə iqtisadi, hərbi və siyasi inteqrasiya daha da dərinləşir. Avropa bazarlarına çıxış imkanları məhdudlaşdıqca, Minsk Rusiya üzərindən Asiya bazarlarına xüsusilə, Çin istiqamətinə çıxış yollarını genişləndirməyə çalışır. Bu isə ölkənin Moskva qarşısında asılılığını həm iqtisadi, həm də strateji baxımdan artırır. Sanksiyaların uzadılması Şərqi Avropada təhlükəsizlik balansına da təsirsiz ötüşmür. Belarusun Rusiya ilə hərbi yaxınlaşması, birgə təlimlərin artması və təhlükəsizlik sahəsində inteqrasiya Aİ-nin şərq sərhədlərində narahatlıq yaradır. Xüsusilə, Polşa və Baltikyanı ölkələr bunu potensial risk kimi qiymətləndirir və öz müdafiə imkanlarını gücləndirməyə çalışırlar. Bu isə regionda qarşılıqlı etimadı daha da azaldır".

 

Politoloqun fikrincə, rəsmi Minsk hazırda seçim qarşısındadır:

 

“Belarus ya Avropa İttifaqı ilə dialoqa gedərək müəyyən güzəştlər yolu ilə sanksiyaların yumşaldılmasına çalışmalıdır, ya da mövcud kursu davam etdirərək Rusiya və digər alternativ tərəfdaşlarla əməkdaşlığı daha da möhkəmləndirməlidir. Hazırkı reallıq isə göstərir ki, tərəflər arasında kompromis imkanları hələlik məhduddur və qarşılıqlı etimad səviyyəsi aşağıdır. Sanksiyaların uzunmüddətli davamı Belarus iqtisadiyyatına əlavə təzyiq yarada bilər. İxrac imkanlarının azalması, maliyyə məhdudiyyətləri və investisiya axınının zəifləməsi ölkə daxilində sosial-iqtisadi çətinlikləri dərinləşdirə bilər. Bu da Minskin xarici siyasət manevr imkanlarını daha da məhdudlaşdırır”.

 

Ayşə Müzəfərli 

#avropa #münasibətlərdə #belarusa #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər