Avropa Birliyi Ukraynada sülh danışıqlarına maraq göstərməyib
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa Birliyi liderləri Ukraynadakı münaqişənin həlli üçün Budapeştdə Rusiya və ABŞ arasında sülh sammitinin keçirilməsində maraqlı deyillər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, hazırkı şəraitdə Ukrayna müharibəsi ilə bağlı Macarıstan öz üzərinə çox ağır bir yük götürür:
"Bu yükün ağırlığı o qədərdir ki, onu daşımaq praktik baxımdan olduqca çətindir. Ukraynada müharibənin başa çatması, təəssüf ki, Avropa və ya Sülh Sammitinin hansı ölkədə və kimlərin iştirakı ilə keçirilməsindən asılı deyil. Bundan əvvəl Tramp və Putinin Macarıstanda Ukrayna üzrə sülh sammiti keçirməsi gündəmdə idi. Lakin gözlənilmədən bu görüş baş tutmadı və Tramp sammitdə iştirakdan imtina etdi. Hazırkı vəziyyətdə Ukraynada sülh prosesini irəlilətmək üçün Macarıstanda Avropa Birliyi ilə Rusiya arasında keçiriləcək hər hansı formatın da vəziyyəti dəyişəcəyi inandırıcı deyil. Ukrayna müharibəsinin gedişatını sülhə doğru dəyişməyin mümkünlüyünə yalnız bu müharibənin mahiyyətini dərindən anlamayanlar inanır. Müharibənin yekunlaşması indi hər hansı diplomatik formatdan deyil, onun öz daxili məntiqi sonluğuna çatmasından asılıdır. Hazırda bu sonluğa hələ çox var, çünki müharibə yeni strategiya mərhələsinə qədəm qoyur.Bir vaxtlar Ukraynaya uzaq mənzilli silahlar verilmirdi, bu gün isə verilir. Əvvəllər Ukraynaya Rusiyanın ərazisinə bir güllə belə atmağa icazə verilmirdi, indi isə uzaq mənzilli raketlər təqdim olunur. Artıq Ukrayna Rusiyanın Kursk vilayətinin bir hissəsini ələ keçirib. Bir zamanlar NATO ölkələrinin hərbçilərinin Ukraynada olması ağla gəlməz idi, bu gün isə Fransanın silahlı qüvvələrinin ora göndərilməsi məsələsi gündəmdədir.Qərb ölkələri bir vaxtlar Ukraynaya uzaq mənzilli raketlərin verilməyəcəyinə and içirdilər, indi isə “Tomahawk” raketlərinin təhvil verilməsi müzakirə olunur. Hətta yaxın illər üçün Ukraynada Rusiyaya qarşı müharibənin hərbi büdcəsi artıq planlaşdırılır. Buna görə də Ukraynada müharibənin məntiqi sonluğuna çatmasına hələ çox var.Belə bir şəraitdə Macarıstanın və ya başqa bir ölkənin sülh sammitinə ev sahibliyi təşəbbüsü heç nəyi dəyişməyəcək. Bu, sadəcə, Macarıstanın Avropanın gələcəyi ilə bağlı narahatlığından qaynaqlanır. Macarıstan Avropanı daha təhlükəsiz görmək istəyir və onun sülhpərvər siyasətinə hörmətlə yanaşmaq lazımdır. Lakin sülhpərvər siyasət hər zaman nəticə vermir — yalnız tarixi şərait əlverişli olanda belə təşəbbüslər özünü doğruldur. Tramp–Putin görüşməsi baş tutmadığı kimi, Avropa Birliyi–Rusiya sammiti ideyası da reallaşa bilməz. Hazırda nə Rusiya, nə də Avropa Birliyi sülhə hazırdır, çünki hər iki tərəf müharibəyə başladığı zaman qarşısına qoyduğu məqsədlərə hələ çatmayıb. Bu səbəbdən indiki şəraitdə sülh sammiti həm mənasızdır, həm də baş tutsa belə, real nəticə verməyəcək".
Qəmər Kazımzadə
